Məlumdur ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq aləmdə möhkəmlənmək, dünya birliyinə uğurla inteqrasiya etmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirməkdən ibarət olub.
Ötən illər ərzində ölkə bu istiqamətdə mühüm nailiyyətlər qazanıb və regionda sabitliyin, əməkdaşlığın, iqtisadi inkişafın təmin olunmasında fəal rol oynamağa başlayıb. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi onun həm siyasi nüfuzunu artırıb, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində imkanlarını genişləndirib.
Ölkəmizin həyata keçirdiyi layihələr ŞƏT ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Ölkəmizmüstəqilliyinin ilk illərindən Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü kimi qlobal məsələlərin müzakirəsində iştirak edir. BMT çərçivəsində Azərbaycan ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn aliliyi prinsipini daim müdafiə edib. 2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkənin diplomatik uğurlarının bariz nümunəsi oldu. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərməklə yanaşı, qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində də fəal iştirakına şərait yaratdı.
Bundan başqa, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT və digər qurumlarla sıx əməkdaşlıq edir. Xüsusilə də Qoşulmama Hərəkatına 2019-cu ildə sədrliyin Azərbaycana verilməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırdı. Bakı bu müddətdə Hərəkatın səsini beynəlxalq arenada daha güclü şəkildə eşitdirdi və ədalətli mövqelərin müdafiəsinə töhfə verdi. Amma yeni təşkilatlarla da əçəkdaşlığın qurulması, münasibətlərin dərinləşdirilməsi Azərbaycanın diqqət mərkəzindədir. Belə qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Qeyd edək ki, təşkilatın növbəti sammiti Çində keçirilib və o, bu dəfə də həm əhatə dairəsinə, həm də qəbul etdiyi qərarlara görə mühüm tədbir kimi yadda qaldı. Burada 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri iştirak etdi. Son 30 ildə ilk dəfə olaraqAsiya, Yaxın Şərq və Afrikanın bu sayda ölkələri bir araya gəldi. Onlar sırasında Azərbaycan da yer aldı. Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında baş tutan görüşdə çıxışı zamanı prezident İlham Əliyev qeyd edib: “Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı... Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Xatırladaq ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. ölkəmzi yaxın tezlikdə bu qurumun tamhüquqlu üzvü olmağa hazırlaşır. İndilidə ŞƏT-in hazırkı 10 üzvündən 3-ü Türk Dövlətləri Təşkilatının üzvü, biri qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır. Bu fonda ekspertlər bildirir ki, ŞƏT indidən Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformaya çevrilib.Onu da bildirək ki, təşkilata üzv ölkələrin məcmu ÜDM-i 26 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. Təşkilat üzvlərinin əhalisi ümumilikdə 3.3 milyard nəfərdir ki, bu da planetin əhalisinin 41 faizidir. Bundan başqa, təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41 faizinə, elmi patentlərin 30 faizinə və nadir elementlərin ixracının 45 faizinə sahibdirlər.Azərbaycan ilə ŞƏT arasında münasibətlərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi təşkilatın üzv dövlətləri üçün böyük maraq kəsb edir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələri ŞƏT ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Digər tərəfdən, Azərbaycanın tranzit imkanları – Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi – Çinlə Avropa arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli platforma sayılır. ŞƏT ölkələrinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın nəqliyyat-logistika layihələrinin uzlaşması qarşılıqlı maraqlara xidmət edir.
Balanslı siyasəti ilə Azərbaycan yenə nümunə yaradır
ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri təhlükəsizlik məsələləridir. Təşkilat terrorizm, ekstremizm və separatizm kimi təhdidlərə qarşı mübarizəyə böyük diqqət ayırır. Azərbaycan da bu sahədə ŞƏT ilə əməkdaşlığa maraqlıdır.
Regionda sabitliyin və təhlükəsizliyin təmin olunması Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Azərbaycanın ŞƏT çərçivəsində apardığı əməkdaşlıq həm regional təhlükəsizlik mexanizmlərinin möhkəmlənməsinə, həm də qlobal səviyyədə sülh təşəbbüslərinə töhfə verir. Azərbaycanın ŞƏT ilə münasibətləri təkcə siyasi və iqtisadi sahə ilə məhdudlaşmır. Humanitar əməkdaşlıq, təhsil və mədəniyyət sahəsində də addımlar atılır. Azərbaycan ŞƏT çərçivəsində keçirilən mədəni tədbirlərdə fəal iştirak edir, eyni zamanda, Bakı mədəniyyətlərarası dialoqun təşviqi üçün beynəlxalq platforma rolunu oynayır.ŞƏT ölkələri ilə təhsil sahəsində tələbə mübadiləsi, elm və texnologiya sahəsində əməkdaşlıq imkanları da mövcuddur. Bu, Azərbaycanın gənc nəslinin Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmasına şərait yaradır. Digər mühüm məqam isə Azərbaycanın balanslı xarici siyasətidir. Azərbaycan Qərb və Şərq strukturlarında paralel əməkdaşlıq apararaq özünü etibarlı tərəfdaş kimi təqdim edir. Bu yanaşma ölkəyə həm beynəlxalq nüfuz qazandırır, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan və ŞƏT münasibətləri qarşılıqlı maraqlar üzərində qurulub. Enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Azərbaycanın təşkilatla əlaqələri həm ölkənin iqtisadi inkişafına, həm də beynəlxalq nüfuzunun güclənməsinə töhfə verir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi, Azərbaycanın ŞƏT-də daha aktiv mövqe tutması gözlənilir. Bu isə yalnız Azərbaycan üçün deyil, bütün region üçün sabitlik, əməkdaşlıq və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın dünya birliyinə və beynəlxalq təşkilatlara uğurlu inteqrasiyası onun müstəqil dövlət kimi mövqelərini gücləndirir, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini formalaşdırır. Siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da mühüm aktora çevrilib. Dünya birliyi ilə əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəallığın artırılması gələcəkdə ölkənin davamlı inkişafına və milli maraqlarının qorunmasına mühüm töhfə verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.