AZ

Rusiya son həftələrdə Zəngəzur dəhlizini Azərbaycanla azı 2 dəfə müzakirə edib...


Elşad Həsənov: “Yeni geostrateji məqam Rusiyanı məcbur edir ki, Zəngəzur dəhlizi reallığı ilə razılaşsın”

Moskva və İrəvan Ermənistanın cənubundan keçəcək nəqliyyat marşrutu məsələsini müzakirə edib. Moskva hesab edir ki, bu, Rusiya və Ermənistan arasında əlaqəni gücləndirəcək. Bu fikri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk səsləndirib.

“Əlbəttə, biz bu məsələni həm mənim İrəvana səfərim zamanı, həm də Həştərxanda azərbaycanlı həmkarlarımla görüşlər zamanı müzakirə etmişik. Bunun necə olacağı barədə anlayışımız var”, - o deyib.

Overçukun fikrincə, Zəngəzur dəhlizinin tikintisi Avrasiyanın ümumi nəqliyyat mənzərəsinin formalaşmasına kömək edəcək: “Əgər belə bir yol olarsa, o cümlədən Ermənistanın Rusiya ilə əlaqəsini gücləndirəcək. Bizim qiymətləndirmələrimizə görə, bu, bəlkə də ölkələrimiz arasında yük daşımaları üçün əsas yol olacaq”.

Maraqlıdır, nə baş verir? Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini yumşaldır?

“Burada söhbət təkcə dəmir yolundan getmir, söhbət həm də avtomobil yolundan gedir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, yeni yaranan geostrateji məqam Rusiyanı məcbur edir ki, Zəngəzur dəhlizi reallığı ilə razılaşsın: “Məsələ ondadır ki, Rusiyanın bir sıra plan və istəkləri alınmadı. Çünki 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamədə Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi nəzərdə tutulsa da, bu reallaşmadı. Ermənistan birmənalı olaraq buna qarşı çıxdı. Bununla da sözügedən nəzarət məsələsi bitdi. Vaşinqtonda avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə əldə edilən razılaşmaya görə, Zəngəzur dəhlizinə Birləşmiş Ştatlar nəzarət edəcək. Beləcə, Zəngəzur dəhlizi Tramp yolu adıyla fəaliyyətə başlayacaq. Buna həm Azərbaycan, həm də Ermənistan razılıq verib. Əsas məsələ odur ki, Ermənistan Azərbaycandan Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verdi. Yeganə qalan məsələ Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasıdır. Bu da təmin olunandan sonra iki ölkə arasında sülh sazişi imzalanacaq. Hesab edirəm ki, bu da təmin ediləcək. Overçuk fərqindədir ki, Zəngəzur dəhlizinin açılması geridönməz prosesdir. O baxımdan, bu reallığı qəbul edərək hər iki tərəflə danışıqlar aparır. Məqsəd Rusiyanın iqtisadi maraqlarını təmin etməkdir. Çünki bu dəhlizlə həm də Rusiyaya aid yüklər İrana və Türkiyəyə daşınacaq. Eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə Yaxın və Orta Şərqdən Rusiyaya yüklər daşınacaq. Bununla yanaşı, Rusiyanın Gürcüstandan asılılığı azalacaq. Çünki Rusiya hələ ki, əsasən Gürcüstan vasitəsi ilə Ermənistanla əlaqə qurur, daşımaları həyata keçirir. Bu yol da sərt dağlıq ərazidən keçdiyi üçün dayanıqlı deyil. Çox vaxt qışda bağlı olur. Ona görə də Rusiyanın Zəngəzur dəhlizinə marağı artır və ondan istifadə imkanlarını indidən dəyərləndirir. Burada söhbət təkcə dəmir yolundan getmir. Söhbət həm də avtomobil yolundan gedir. Çünki dəmir yolu ilə yanaşı, avtomobil yolu da fəaliyyətə başlayacaq. Bu da nəqliyyat-logistika imkanlarını şaxələndirəcək. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) idarəçiliyindədir. Tərəflərin razılığı ilə 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər”.

Vidadi ORDAHALLI

Seçilən
18
baki-xeber.com

1Mənbələr