ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bu gün Bakı və onun rayonlarındakı yolların vəziyyəti sürücüləri narahat edən əsas problemə çevrilib. Ya küəçələrin işıqlandırılmaması, ya da yol nişanları ilə bağlı sürücüləri çaşdıran vəziyyətlərin olduğu ərazilər onların ya cərimələnməsinə, ya da ağır qəzalar törətməsinə gətirib çıxarır. Bir də yol infrastrukturunun, asfaltın bərbad olması artıq əsəbləri tarıma çəkən hala çevrilir.
Avtosfer.az-ın sosial şəbəkə hesabına sürücülərdən biri tərəfindən video göndərilib. Videoda nəqliyyat vasitəsi idarəçisi Bakının Sabunçu rayonu ərazisindəki yolun vəziyyətini göstərir. Belə ki, Pirşağı qəsəbəsi ərazisindən keçən Qurtuluş və Kərim Kərimov küçələri nəqliyyat vasitələrinin qəniminə çevrilib. Bakı ilə Sumqayıtı əlaqələndirən alternativ yollardan biri olan Böyükşor-Pirşağı-Sumqayıt yolundakı vəziyyət sürücülər tərəfindən ən çox narazılıq yaradan ərazilərdən biridir. Qəsəbənin daxilindən çimərlik istiqamətində, Dənizkənarı küçəsinə irəliləyən yolda asfaltdan hündür olan lyuklar, qurumlar tərəfindən qazılıb sonra təmir və bərpa işləri aparılmayan çuxurlar nəqliyyat vasitələrinə ciddi ziyan vurur.
Bununla yanaşı, Hacıbala Abutalıbovun dəstixətti ilə quraşdırılan lyuklar həm də bir növ cərimə səbəbinə çevrilib. Sürücülər avtomobili lyuklardan qaçırmaq üçün bəzi nöqtələrdə düz xətti tapdalayır, yaxud yolun əks istiqamətinə çıxmalı olur. Nəticədə, ya qəza şəraiti yaranır, ya da sürücü cərimə edilir. Bütün bu problemlərlə əlaqədar sürücülər aidiyyəti qurumları qəsəbənin əsas yolunu təcili şəkildə təmir etməyə və yaranmış vəziyyəti düzəltməyə çağırır.
Səfər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.