Məlum olduğu kimi, Donald Trampın prezidentlik müddəti bu il başlayıb və dövlət başçısının təşəbbüsləri və onun gözlənilməz istiqamətlərdəki aktiv fəaliyyətindən şoka düşən amerikalılar artıq növbəti seçkilərdə onu kimin əvəz edə biləcəyi ilə maraqlanırlar.
Sosioloqların bu məsələ ilə bağlı ilk təxminləri göstərir ki, respublikaçıların bir mümkün varisi var: indiki vitse-prezident Ceyms Vens. Demokratlardan onun rəqibi hələlik Trampın hərəkətlərini kopyalayan Kaliforniya qubernatoru Qevn Nyusom ola bilər. Amma o da istisna deyil ki, indiki prezident 2028-ci ildə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək.
Amerika daimi seçkilər ölkəsidir. Bu, ümumilikdə demokratiyanın, xüsusən də Amerika demokratiyasının xüsusiyyətidir. Bir seçki kampaniyası bitən kimi siyasətçilər və onların seçiciləri digəri haqqında düşünməyə başlayırlar. ABŞ-da dövlət başçılarına adətən növbəti prezident seçkilərini nəzərə almadan fəaliyyət göstərmək üçün bir və ya iki il vaxt verilir. Lakin Tramp bu məsələdə də qaydaları dəyişib. O, cəmi səkkiz aydır ki, hakimiyyətdədir və ölkədə onu kimin əvəz edə biləcəyi ilə bağlı artıq sosioloji araşdırma aparılır. Özü də prezident milyonlarla amerikalını Ağ Evdə nə vaxt daha az ekstravaqant birinin peyda olacağı barədə düşünməyə sövq etməyi qarşısına məqsəd qoyub. Trampın son qərarlarını xatırlamaq kifayətdir: Müdafiə Nazirliyinin adının Müharibə Departamenti olaraq dəyişdirilməsi, cinayət və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün Çikaqoya qoşun göndərməklə hədələmək. Trampın mümkün varisi axtarışında sosioloqlar bəzən hesab etdikləri kimi, milli sorğulardan daha etibarlı mənbəyə - Nyu-Hempşir sakinlərinin fikrinə müraciət ediblər. Praymerizlər adətən bu ştatdan - seçicilərin birbaşa səsverməsi ilə Respublikaçılar və Demokratlar partiyalarından prezidentliyə namizədlərin seçilməsi ilə başlayır. Nyu-Hempşir sakinləri adətən prezidentlik uğrunda mübarizədə kimin bir araya gələcəyini “təxmin edirlər”. Hər halda, 2024-cü il Respublikaçıların praymerizində düzgün təxmin etdilər: Tramp ştatda qalib gəldi və o, sonda namizəd oldu. Ancaq prezident seçkilərinin özündə yerli seçicilərin intuisiyası onları aldatdı. Onların əksəriyyəti Trampın rəqibi Kamala Harrisə səs verib. Sent-Anselm Kollecində sosioloqların araşdırmasına görə, Vens geniş fərqlə Nyu-Hempşir respublikaçılarının sevimlisidir. Partiyadaşlarının 56%-i onu dəstəkləməyə hazırdır. Başqa heç bir respublikaçı, belə demək mümkünsə, ona yaxın deyil. İkinci yerdə Nyu-Hempşir respublikaçılarının cəmi 8%-i tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Dövlət katibi Marko Rubio və ya Trampın keçən ilki partiyadaxili seçkilərdəki rəqibləri Vivek Ramasvami və Nikki Heyli kimi digər tanınmış respublikaçılar daha az dəstək alırlar. Bu, əsasən, Vensin olduqca yaxşı nəticələr əldə etdiyi milli sorğulara uyğundur. Nəzərə alsaq ki, o, nisbətən gəncdir. O, keçmiş Kaliforniya qubernatoru və Trampın partiyadaxili rəqibi rolu uğrunda mübarizə aparan Hollivud ulduzu Arnold Şvartsenegger kimi 78 yox, 41 yaşındadır. Vens xəbərləri necə yaratmağı bilir, media məkanında fəaldır və ümumiyyətlə, indiki prezidentin təkmilləşmiş nüsxəsi kimi reputasiya qazanır.
Demokratlar üçün vəziyyət daha mürəkkəbdir. Sent-Anselm Kollecinin sorğusuna əsasən, Nyu-Hempşir sakinləri əminliklə yalnız qarşıdan gələn partiyanın praymerizlərinin açıq-aydın autsayderini – Kamala Harrisin adını çəkə bilərlər. O, 6% səslə ilk beşliyə namizəddir. Onun qarşısında Amerikanın ən populyar ultra-solçu siyasətçisi olan 7 faiz səslə konqresmen Aleksandriya Okasio-Kortez və 9 faiz səslə İllinoys ştatının qubernatoru Robert Pritzker dayanır. Sonuncu respondentlərin yaddaşında dərin iz buraxıb, çünki o, Trampla çəkişmələrinə görə daim diqqət mərəkəzindədir. İllinoys ştatından isə Demokratların iki əsas lideri var: Cozef Bayden administrasiyasında nəqliyyat naziri olmuş Pit Buttejiaq və Nyusom. Onların hər birində 23% səsi var. Milli sorğulara baxdıqda məlum olur ki, hələlik Kaliforniya qubernatoru rəqibindən daha perspektivli görünür. Nyusom onların əksəriyyətində Buttejiaqı qabaqlayır. Belə ki, sentyabrın 4-də dərc olunan “YouGov” sorğusuna əsasən, Demokrat seçicilərin 21%-i onu dəstəkləyir. Buttejiaq yalnız 10% səsə malikdir. Beləliklə, bu nəticəyə gələ bilərik ki, Demokratların hazırda mübahisəsiz namizədi yoxdur. Sosioloji məlumatlardan başqa bir təkzibedilməz nəticə odur ki, amerikalılar Trampın üçüncü müddətə seçilməsini istəmirlər. Yada salaq ki, indiki prezident bir dəfə Konstitusiyadan yan keçərək 2028-ci ildə yenidən namizədliyini irəli sürə biləcəyinə eyham vurmuşdu.Belə ki, “Data for Progress” analitik mərkəzinin keçirdiyi son sorğuya əsasən, amerikalıların 69%-i Trampın növbəti seçkilərdə iştirak etməməli olduğu qənaətindədir. İki partiyadan heç birinə dəstək verməyən Demokratlar və müstəqil seçicilər onun namizəd olmasının qəti əleyhinədirlər. Respublikaçıların bu məsələdə daha çox şübhələri var. Bir tərəfdən, onların 52%-i istənilən prezidentin cəmi iki müddət hakimiyyətdə olmasının tərəfdarıdır. Digər tərəfdən, respublikaçıların 53%-i Trampın yenidən prezident seçilməsinin tərəfdarıdır. Başqa sözlə, onların mövqeyi belədir: Konstitusiyanı pozmaq, əlbəttə ki, pisdir, amma Tramp kimi gözəl insan bunu edə bilər. Bu arada xatırladaq ki, 1940-cı ilin 5 noyabrın Amerika tarixinə 32-ci prezidenti Franklin Ruzveltin seçkilərdə 3-cü qələbəsi günü kimi yazılıb. Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilən Franklin Ruzvelt 4-cü hakimiyyət müddətini sona qədər başa vura bilməyib, beyninə qansızma nəticəsində vəfat edib. İndi Tramp Ruzveltin gedişini təkrarlaya bilər.
Ramil QULİYEV