Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında sərhədlərin açılması məsələsi ilə bağlı ilk görüş bu həftə baş tutacaq. Bu barədə “CNN Türk” diplomatik mənbəyə istinadən xəbər verir. Mənbənin məlumatına görə, Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıçın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana səfəri planlaşdırılır.
İki ölkə ilk dəfə nümayəndələrarası görüşlər keçirəcək. “CNN Türk” qeyd edir ki, ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qərarlar qəbul edilə bilər. Qeyd edək ki, əvvəlki illərdə keçirilən 5 ayrı-ayrı iclasda yük daşıma reysləri üçün sərhədlərin açılması, texniki və infrastruktur işlərinin aparılması ilə bağlı qərarlar qəbul edilib. Türkiyənin NTV telekanalı da məlumat yayıb ki, Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcək. Bildirlir ki, ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bəzi qərarların qəbulu, həmçinin əvvəllər qəbul edilmiş qərarların icrasının müzakirəsi planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi də məlumat yayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə İrəvanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılır. Ermənistan və Türkiyə nümayəndələri 2022-ci ilin iyulunda Vyanada keçirdikləri dördüncü görüş zamanı quru sərhədini mümkün qədər tez üçüncü ölkə vətəndaşları üçün açmaq barədə razılığa gəliblər . Erməni tərəfi Marqara keçid məntəqəsini yenidən quraraq, buna təxminən 1 milyard dram xərcləyib, lakin bu razılaşmanın nə vaxt reallaşacağı hələ də bəlli deyil. 32 il əvvəl bağlanan keçid iki dəfə açılıb. İlk dəfə körpünün açılışı 2023-cü ilin fevralında olub. İrəvan fevralın 6-da Adıyaman şəhərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkənlər üçün Türkiyəyə 100 ton humanitar yardım göndərib. İkinci dəfə isə Suriyaya humanitar yardım göndərmək üçün körpü bu ilin martında 10 gün müddətinə açılıb.
Bu arada onu da xatırladaq ki, Ermənistan və Türkiyə arasındakı sərhəd – keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edir. Belə ki, rus əsgərləri Marqara sərhəd – keçid məntəqəsindən çıxarılıb. Rəsmi Ankara bildirir ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesləri bir-biri ilə bağlıdır və Ermənistan-Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə Ermənistan-Türkiyə sərhədi açılacaq. Bu günlərdə isə baş nazir Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində görüşüb. Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır. Türkiyə ilə Ermənistanın ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlməsinin Səfərin ABŞ, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı erməni politoloq Arman Abovyan qeyd edir ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə təhvil verilib. Onun sözlərinə görə, elə bu fonda Türkiyə ilə Ermənistan arasında yeni mərhələ başlanır. Ekspert bildirib ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq xəttin dəhliz statusunda olmayacağını iddia etsə də, Vaşinqton, Bakı və Ankaradan gələn mesajlar bunun əksini göstərir: “ABŞ prezidenti Donald Tramp dəhlizdən danışır, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizdən danışır, bir sözlə, hamı dəhlizdən danışır. Ermənistan hakimiyyəti isə israrla bunun əksini söyləməkdə davam edir. Sərhəddə sənədlər və pasportlara kim möhür vuracaq? İrəvandan bu suala heç vaxt cavab eşitməyəcəyik. Əslində, hər şey göz qabağındadır: baş verənlərə baxsaq görərik ki, Ermənistan hakimiyyəti Ermənistana daxil olan və ya tərk edən azərbaycanlıları yoxlamayacaq. Onlar bu barədə amerikalılardan məlumat alacaqlar”. Abovyan qeyd edib ki, Zəngəzur dəhlizindən keçəcək Azərbaycan yükləri və sərnişinləri birbaşa nəzarətə tabe olmayacaq: “Bunun əksini sübut edə bilmirlər. Buna görə də soyuq su için və rahatlayın: dəhliz təhvil verilib”. Dəhliz tam istifadəyə verildikdən sonra Azərbaycan tranzit ölkə kimi statusunu möhkəmləndirəcək. İllik 15 milyon ton yükdaşıma təkcə vergi və rüsum gəlirləri ilə məhdudlaşmır – logistika, xidmət, yanacaq və turizm sektorlarında yeni iş yerləri yaradacaq. Naxçıvanın uzun illər davam edən iqtisadi təcridi aradan qalxacaq, Culfa və Sədərək bölgələri regional ticarətin mərkəzinə çevriləcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları isə beynəlxalq bazarlara qoşularaq iqtisadi dirçəliş yaşayacaq. Bununla yanaşı, dəhliz Avropa və Asiya arasında daşınma marşrutlarını qısaldacaq, alternativ yollar yaradacaq. Bu, yükdaşıma xərclərinin azalmasına, səmərəliliyin isə artmasına şərait yaradacaq. Zəngəzur dəhlizinin önəmi artıq qlobal güclərin də gündəmindədir. Qərb və Çin artıq dəhlizin tezliklə işə düşməsində maraqldıır. Mərkəzi Asiya ölkələri də layihəyə maraq göstərir, çünki Avropa İttifaqı–Mərkəzi Asiya ticarət dövriyyəsi 2024-cü ildə 54 milyard dollar olub ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bu rəqəmi daha da artıracaq. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib ki, Moskvanın yanaşmasına görə, bu marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq: “Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var. Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək. Əgər belə bir yol yaranarsa, bu, digər şeylərlə yanaşı, Ermənistanın Rusiya ilə bağlantısına da imkan yaradacaq. Bizim hesablamalarımıza görə, bu, çox güman ki, ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq”.
Nahid SALAYEV