Xaqani Cəfərli: "Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu" razılaşması Overçukun istinad etdiyi Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyannaməsini tarixin arxivinə göndərib"
Aleksey Overçukun 6 sentyabr 2025-ci ildə verdiyi müsahibəyə əsasən Rusiyanın Azərbaycana münasibətini belə şərh etmək olar.
Overçuk vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər sabit və konstruktivdir. O, “dəfələrlə təkrar etdiyini” bildirib ki, iqtisadi baxımdan heç bir problem mövcud deyil. Həştərxanda keçirilən hökumətlərarası komissiyanın iclası da bunu təsdiqləyib.
Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq hər iki ölkənin sadə vətəndaşları üçün vacibdir. Buna görə də tərəflər əldə olunmuş nailiyyətlərin itirilməsində maraqlı deyillər.
Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına toxunaraq, “Tramp dəhlizi” layihəsini qeyd edib. O, bu dəhlizin həm Ermənistan, həm də Azərbaycanın iştirakı ilə regionun logistikasını möhkəmləndirəcəyini və Rusiyanın Ermənistanla əlaqəsini asanlaşdıracağını söyləyib.
Müsahibədə Rusiyanın narahatlığı da hiss olunur: Moskva regiona kənar güclərin daxil olmasının mövcud balansı poza biləcəyindən ehtiyat edir.
Overçukun açıqlamaları göstərir ki, Rusiya Azərbaycanla münasibətləri əsasən praqmatik və sabit hesab edir. Moskva Bakı ilə iqtisadi əməkdaşlığı qorumaq və gücləndirməkdə maraqlıdır.
İnfrastruktur və nəqliyyat layihələrində Azərbaycanın iştirakı Rusiyanın planları üçün mühüm sayılır.
Bununla yanaşı, Rusiya regionda balansın pozulmasından çəkinir və xarici təsirlərə qarşı ehtiyatlı mövqe tutur. Yəni Overçukun rakursundan Rusiyanın Azərbaycana yanaşması bu gün üçün “müttəfiqlikdən çox, praqmatik tərəfdaşlıq” formatında dəyərləndirilə bilər.
Bu gün Rusiyanın Azərbaycana yanaşmalarını müttəfiülik hesab etmək nə qədər doğrudur?
Baki-xeber.com nəşrinin sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk 10-cu “Şərq İqtisadi Forumu”nda RİA Novosti-yə müsahibəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasından bəhs edərkən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da qəbul etdikləri üçtərəfli Bəyannaməyə istinad edir: "Halbuki, Azərbaycan üçün həmin bəyannamənin heç bir önəmi qalmayıb. Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı “Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” razılaşması Overçukun istinad etdiyi Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyannaməsini tarixin arxivinə göndərib. Rusiya bununla barışmaq istəmir və hər imkanda üçtərəfli bəyannamədən danışır. Overçuk müsahibəsində “Tramp yolu”nun gəlirli olmayacağına işarələr edir və hətta bu zaman üstüörtülü şəkildə təhdid də səsləndirir. Overçuk bu dəhlizin gəlirli olması üçün Azərbaycanın Ermənistandan keçəcək dəmir yolu xəttini Xəzər dənizindən keçən mərkəzi nəqliyyat dəhlizi ilə birləşdirmək niyyətində olduğunu, ancaq Xəzərdə çox gözlənilməzliklərin baş verdiyini bildirir. Postsovet ölkələrini özünün təsir dairəsi, Xəzər dənizini isə Rusiyanın daxili su hövzəsi təsəvvür edən Rusiyanın yanaşması dəyişmir. Halbuki, Overçukun da iştirak etdiyi 10-cu “Şərq İqtisadi Forumu” Rusiyanın Çinin vassalına çevrildiyini göstərdi. Çində keçirilən tədbirlərdə Rusiya ən yüksək səviyyədə təmsil olunduğu halda, 10-cu “Şərq İqtisadi Forumu”nda Çin hökumətinin üzvlərindən heç kim iştirak etməyib. Overçuk da daxil olmaqla, Rusiya rəsmiləri Cənubi Qafqazda qüvvələr balansının pozulmasından narahat olmaq əvəzinə Rusiyanı Çinin vassallığından azad etmək haqqında düşünsələr vətənlərinə xidmət etmiş olarlar. Azərbaycan cəmiyyəti isə Overçuk kimi Rusiya rəsmilərinə daha az maraq göstərsə, daha faydalı olar".
Ekspertin də vurğuladığı kimi, son üç ildə çox şey dəyişib. Rəsmi sənədlərdə mövcud olsa da, hazırkı geosiyasi və diplomatik gerçəklik bu “müttəfiqlik” anlayışını daha çox formal və münbit olmayan bir bağa çevirir.
Rusiya ilə ikili münasibətlərdə ciddi gərginliklər, qarşılıqlı həbs və ictimai ritorik yanaşmalar ikitərəfli strateji əməkdaşlığın artıq etibarlı olmadığını göstərir.
Hazırda Rusiyanın Azərbaycana yanaşmasını “müttəfiqlik” kimi qiymətləndirmək, əslində reallıqla uzlaşmır. Bu, daha çox, rəsmi sərhədlər daxilində qalan formal bir statusdur.
Akif NƏSİRLİ