İlyas Hüseynov: “Hindistan tərəfi bilməlidir ki, Azərbaycan buna biganə qalmayacaq”
Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır. Bunu Trend agentliyinə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın, guya rəsmi Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlamasını şərh edən diplomatik mənbə bildirib.
Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını iddia edib.
Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb, bu prosesdə “dirijorluğu” isə Rusiya edib.
“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın üzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanın təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.
Sadəcə, indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.
Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz gedişdir”, – deyə mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq:
“Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttini istəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən, 2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın da qoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələr kimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbul olunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalq platformalarda ortaya qoyulacaq”.
Azərbaycan Hindistana qarşı diplomatik savaşa başlayır. Mənbə deyib ki, Hindistanın BMT və digər beynəlxalq platformalarda təşəbbüslərinin konsensusla yox, adi səsvermə ilə qəbulunu tələb edəcək.
“Diplomatik sahədə bütün mümkün imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışacaq”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklaması böyük təəssüf doğurmaqla yanaşı, həm də bu ölkənin Azərbaycana qarşı düşmən mövqeyini ifadə edir: “Bununla yanaşı olaraq Azərbaycanın namizədliyinin bloklanması haqqında Hindistan tərəfi tamamilə yanlış fikirlər söyləyir və məsuliyyətdən yayınmağa, yaxa qurtarmağa çalışır. Bu da Hindistanın iç üzünü ortaya qoyur və bir daha nümayiş etdirir ki, Hindistan Azərbaycana qarşı kəskin mövqedə dayanıb”.
İ.Hüseynovun sözlərinə görə, Hindistan öz açıqlamaları ilə həm Rusiya tərəfini müdafiə edir, həm özünü günahsız hesab edir, həm də Azərbaycanın təşkilata üzvlüyünü ən çox dəstəkləyən dövlətlərdən biri olan Çin Xalq Respublikası ilə münasibətləri pozmamağa çalışır, bu cür diplomatik manevrlər edilir. “Lakin Hindistan tərəfi bilməlidir ki, Azərbaycan buna biganə qalmayacaq. Bundan sonra Hindistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında irəli sürülən qətnamələrə Azərbaycan adekvat cavab verəcək və məsələlərin konsensusla deyil, səsvermə ilə həllinə çalışacaq. Eyni zamanda, bugünə qədər bir sıra məsələlərdə Hindistanın təşəbbüsləri rəsmi Bakı tərəfindən dəstəklənib. Lakin ŞƏT-də Hindistanın riyakar və ikiüzlü siyasəti cavabsız qalmayacaq. Azərbaycan diplomatik sahədə bütün mümkün imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışacaq”-deyə İ.Hüseynov qeyd etdi.
İradə SARIYEVA