Üzeyir Şəfiyev: “Təmtəraqlı yas mərasimləri daha çox mərasim evlərinin sahiblərinin, işbazların...”
Yas məclislərinin sadələşdirilməsi prosesinin başlanması ictimaiyyətin ürəyincə olsa da, mollalar bundan məmnun görsənmir. Azərbaycanın bir çox rayon və kəndlərində əhali israfçı yas məclislərindən könüllü şəkildə imtina edir, həyatdan köçən əzizlərinin yas mərasimində sadə ehsan süfrələri açırlar.
İctimaiyyətin kütləvi olaraq bu prosesə qoşulması gəlir mənbəyi təmtaraqlı yas məclislərindən olan bəzi mollaları, xeyir-şər məclislərini təşkil edən insanları, eləcə də mərasim evlərinin sahiblərini ciddi narahat edir. Əhalinin bu addımı onları böyük məbləğdə gəlirdən məhrum edir. Bu prosesə qədər “yas mafiyası” külli miqdarda pul qazanırdı, indi isə onların gəlirləri əhəmiyyətli dərəcədə azalıb. Buna görə də həmin mafiya cəmiyyət arasında müxtəlif kampaniyalar təşkil edir. Xüsusən də mollalar sosial şəbəkələrdə, ayrı-ayrı internet platformalarında videolar çəkib yerləşdirirlər ki, guya ehsan yığışdırıldığından insanlar yas yerlərinə gəlmir. Hətta bəzi vətəndaşlar da mollaların toruna düşüb bu cür əcaib yanaşmalar sərgiləyirlər ki, filankəsin yas məclisində yemək verilməməsi səbəbindən insanlar yasa gəlmir. Bunu belə qələmə verirlər ki, guya insanlar yasa ölü yiyəsinə başsağlığı vermək, onun dərdinə şərik olmaq üçün yox, ehsan yeməyə gəlirmişlər, indi ehsan verilmədiyi üçün gəlməkdən imtina edirlər. Əlbəttə ki, bu belə deyil və heç kəs yasa ehsan yeməyə gəlmir. Bir məqamı da deyək, bəzi mollalar iddia edir ki, ehsanın verilməməsindən camaat guya narazıdır. Hətta özünü molla adlandıran bir nəfər video çəkib yayıb ki, siz niyə israfçı toylardan danışmırsınız, yasların üstünə düşürsünüz. Onun sözlərindən belə çıxır ki, bol ehsan süfrəsi açmaq üçün camaat var-yoxdan çıxmalıdır, banklara, sələmçilərə illərlə faiz ödəməlidir. Yəni ölüsü düşən borca girib mollaların ürəyincə olan yas məsclisi keçirməlidir ki, onların qarınları və cibləri dolsun, camaatın dərdi, əziyyəti onların vecinə deyil.
Bir adamın yasına camaat gəlmirsə, bu ehsanla bağlı deyil, demək, o adam heç vaxt kəndin xeyrində-şərində iştirak etməyib və camaat da onun yasına gəlməyib. Bu o şəkildə qələmə verilə bilməz ki, filankəsin yasına camaat ehsan verilmədiyi üçün gəlmədi. Gerçəklik isə budur ki, filankəs heç kəsin yasına getməyib və camaat da onun yasına gəlmir.
Bu gün mollalar əhali arasında maarifçilik təbliğatı aparmaq əvəzinə “ehsan verilmədiyi üçün camaat yasa gəlmir” kimi yanlış məlumatlar yaymaqdan çəkinməlidirlər. Mollanın işi camaat arasında söhbət aparmaq, xalqı israfçı ehsanlardan çəkindirmək, Peyğəmbərin, seçilmiş insanların yas mərasimlərinin necə sadə təşkil edildiyindən danışmaq, təmtərağın, israfçılığın dinimizdə bəyənilmədiyini demək olduğu halda, onlar əksinə, camaatı qızışdırırlar.
“Mollaların işi yas mərasimindən hansısa...”
Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, toy və yas mərasimlərində israfçılıqla bağlı cəmiyyətdə uzun müddətdir müzakirələr gedirdi: “Əhali təm-taraqlı yas və toy mərasimlərində maliyyə yüklənmələri ilə qarşılaşırdı, hətta kredit götürüb banklara borclanırdılar. Bu da sonradan ailə münaqişələrinə, konfliktlərə gətirib çıxarırdı. Buna görə də bu, cəmiyyətdə çox ciddi şəkildə müzakirə olunurdu. Artıq belə müzakirələrin sonunda bir sıra rayon və kəndlərdə haqlı olaraq yas mərasimləri daha mütəvazi, daha sadə şəkildə keçirilməyə başlayıb. Demək olar ki, əksər rayonlarda artıq yas mərasimlərinin daha sadə şəkildə keçirilməsinə üstünlük verilir. Bu çox təqdirəlayiq bir haldır. Çünki hüzr yiyəsi qayğı, çətinlik içərisində olur, bir tərəfdən əzizini, yaxınını itirməsi, digər tərəfdən də dəbdəbəli yas xərcləri haqqında düşünməsi onun üçün ağır bir vəziyyət yaradır. Buna görə də haqlı olaraq cəmiyyət müdriklik nümayiş etdirir, bu dəbdəbəli yas məraimlərindən qurtulmağa çalışır. Əlbəttə ki, bunu təqdir etmək lazımdır. Mətbuata da təşəkkürümüz odur ki, bu təşəbbüsləri təqdir edir və dəstəkləyir.
Dəbdəbəli yas məclislərinin keçirilməsi mərasim evlərinin, işbazların işinə yarayırdı”.
Ü.Şəfiyev qeyd etdi ki, bu cür yas mərasimləri hüzr sahibləri üçün böyük bir yük idi. Ü.Şəfiyevin sözlərinə görə, əvvəllər hüzrü, yası düşən insanlara camaat ictimai dəstək göstərirdi, hətta qohum-qonşu, el-oba yemək bişirib yas evinə aparardı ki, yas sahibi əziyyət çəkməsin. Ü.Şəfiyev təəssüflə bildirdi ki, son bir neçə onillikdə Azərbaycanda yas mərasimləri sosial yarış effekti verdi, qonşudan geri qalmamaq, göstəri xarakterli yas mərasimləri keçirildi. “Yəni kimsə təmtəraqlı yas mərasimi keçiribsə bu da keçirməlidir. Yaslarımızın bir dənə musiqisi əskik idi, onlar da az qala toy-şadlıq mərasimi kimi keçirilirdi. Hesab edirəm ki, bu şəkildə dəbdəbəli yas mərasimləri israfçılıq idi və ölü sahibi üçün böyük bir yük idi. İnsanlarımızın həmrəyliyi nəticəsində təmtəraqlı yas mərasimləri arxada qalır. Bunu təqdir etməliyik. Bu prosesin mollaların xoşuna gəlib-gəlməməsi önəmli deyil. Mollaların işi yas mərasimindən hansısa qazanc əldə etmək olmamalıdır, molla yas mərasimlərində oturub Quran oxuyur, yaxud da dini söhbətlər edir. Yas məclislərində xərclərin mollaya heç bir aidiyyəti yoxdur. Təmtəraqlı yas mərasimləri daha çox mərasim evlərinin sahiblərinin, işbazların işinə yarayırdı. Bu onların işlərinə yaradığı üçün sosial yarış effektini onlar yaratmışdı. Yaxşı ki, belə müsbət nümunələr göstərən imkanlı şəxslər tapıldı ki, öz yas mərasimlərini daha sadə keçirməyə başladılar”.
Ekspert hesab edir ki, zəngin, varlı şəxslər sadə yas mərasimləri keçirməlidir ki, sadə insanlar da onlara baxıb örnək götürsünlər, nəhayət belə örnəkləri görürük. O qeyd etdi ki, bunu bütün rayonlarda, bölgələrdə təşviq etmək, təmtəraqlı yas mərasimlərindən qurtulmaq lazımdır. Ü.Şəfiyev bildirdi ki, bununla yanaşı israfçı toy mərasimlərindən, xınayaxdı, nişan və digər buna bənzər məclisləri də israfdan, izafi xərclərdən qurtarmaq lazımdır. Bunun əlavə problemlər yaratdığını, ailələrin büdcəsinə təsir etdiyini deyən Ü.Şəfiyev vurğuladı ki, bu da daha ciddi problemlərə səbəb olur, ona görə də bunlardan qurtulmaq lazımdır.
İradə SARIYEVA