AZ

Marsın bərk daxili nüvəyə sahib olduğu müəyyən edilib

Marsın bərk daxili nüvəyə sahib olduğu müəyyən edilib

Çin və ABŞ-dan olan tədqiqatçılar uzun müddət qəbul edilən fikirlərin əksinə olaraq, Marsın bərk daxili nüvəyə sahib olduğunu göstərən sübutlara nail olublar.

Çin Elmlər və Texnologiya Universiteti ilə ABŞ-dakı Texas Universitetindən olan tədqiqatçılar NASA-nın artıq missiyasını başa vurmuş "InSight" proqramı çərçivəsində əldə edilən seysmik məlumatları təhlil ediblər.

Tədqiqatçılar Marsın dərinliklərində 600 kilometr radiuslu bərk daxili nüvənin mövcudluğunu kəşf ediblər.

Marsın radiusunun təxminən 18%-inə bərabər olan bu bərk kütlənin Yer kürəsinin daxili nüvəsi ilə oxşarlıq göstərdiyini qeyd edən tədqiqatçılar işin nəticələrinin planetin termal və kimyəvi vəziyyətini anlamaq üçün referans xarakteri daşıdığını bildiriblər.

Tədqiqatçılar daxili nüvənin karbon, oksigen və hidrogen kimi yüngül elementlərin konsentrasiyası nəticəsində əmələ gəldiyini və bu elementlərin kristallaşma yolu ilə xarici nüvədən ayrıldığını açıqlayıblar.

Marsın keçmişdə güclü maqnitləşmiş qabığına baxmayaraq, qlobal maqnit sahəsinin olmamasının planetin dinamo fəaliyyətinin sona çatdığını göstərdiyini bildirən tədqiqatçılar nüvə kristallaşması və daxili nüvənin mövcudluğunun bu prosesin başa düşülməsində müəyyənedici rol oynaya biləcəyinə diqqət çəkiblər.

Tədqiqatçılar əvvəlki fikirlərin əksinə olaraq Marsın tamamilə maye nüvəyə sahib olmadığını ortaya qoyan bu araşdırmanın planetin yaranması və təkamülü ilə bağlı uzun müddət davam edən müzakirələrə işıq tutduğunu vurğulayıblar.

Araşdırma "Nature" jurnalında dərc edilib.

Seçilən
32
afn.az

1Mənbələr