Çin Dövlət başçısı Si Cinpin, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti nəticəsində ticarət gərginliklərinin, iqtisadi və siyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə BRICS ölkələrinə “çox tərəfliliyi müdafiə etmə” çağırışı edib.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Dövlət Prezidenti Cinpin Braziliya prezidenti Luiz Inacio Lula da Silva tərəfindən təşkil edilən onlayn BRICS Liderlər Zirvəsində telekonfrans vasitəsilə çıxış edib.
Si çıxışında qeyd edib ki, bu gün dünyada hegemonluq, tək tərəflilik və qoruyuculuq getdikcə artır: “Bu kritik mərhələdə, Qlobal Cənubun ön sıralarında yer alan BRICS ölkələri açıqlıq və əhatəlilik ruhu ilə hərəkət edərək, çox tərəfliliyi və çox tərəfli ticarət sistemini birlikdə müdafiə etməlidir”.
ABŞ-ı üstüörtülü tənqid edən Si, “Bir ölkənin apardığı ticarət və tarif müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur, beynəlxalq ticarət qaydalarının zəminini aşındırır”, – deyib.O, vurğulayıb ki, BRICS ölkələri beynəlxalq aləmdə çox tərəfliliyi, bərabərliyi və ədaləti müdafiə etməli, mərkəzində Birləşmiş Millətlər Təşkilatının olduğu beynəlxalq nizamı və mərkəzində Dünya Ticarət Təşkilatının olduğu çox tərəfli ticarət sistemini qoruyaraq açıq dünya iqtisadiyyatını saxlamağa çalışmalıdır.
Qlobal idarəçiliyi Qlobal Cənub ölkələrinin səsini və təmsilçiliyini artıracaq şəkildə inkişaf etdirməyin vacibliyinə toxunan Si qeyd edib ki, daha əhatəli bir qloballaşma ilə bu ölkələr beynəlxalq əməkdaşlığa bərabər iştirak edə və inkişafın faydalarından daha çox yararlana bilərlər.
Çin lideri həmçinin BRICS ölkələrinin öz aralarındakı həmrəyliyi gücləndirməsinin vacibliyini vurğulayıb: “BRICS ölkələri dünya əhalisinin demək olar ki, yarısını, dünya iqtisadiyyatının təxminən 30%-ni və dünya ticarətinin beşdə birini təşkil edir. Böyük təbii sərvətlərə, istehsal gücünə və bazarlara sahibik. Nə qədər yaxın işləsək, xarici risklərə və çağırışlara qarşı o qədər dayanıqlı, qabiliyyətli və effektiv ola bilərik”.