Ağcabədinin Taxtakörpü ərazisində olan obalarda dabaq xəstəliyi yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, Laçının Qarqışlaq kənd sakini Malik Vəliyev deyir ki, 30 ildir məskunlaşdıqları bu yerdə əsas dolanışıqlarını mal - qara saxlayaraq təmin ediblər. Hər il müxtəlif xəstəliklərə qarşı müalicə tədbirləri də aparıblar. Bu il isə gözlədiklərinin tam əksi olub. Heyvanlara vaksin vurulsa da, bir müddət sonra mal - qara dabaq xəstəliyinə yoluxub.
Sakinlər deyirlər ki, dabaq xəstəliyi bu obada olan bütün təsərrüfatlarda var. Hazırda kənddə olan mal - qara arasında dabağa yoluxmayan az heyvan tapmaq olar.
Məsələ ilə bağlı sahə baytarı Mirpaşa Həmidov bildirib ki, xəstəlik yayılandan 2 ay öncə bütün təsərrüfatlarda profilaktik tədbirlər aparılıb. Vaksin vaxtında vurulsa da, xəstəlik yoluxucu olduğundan onun yayılması da normal haldır.
Baytar həkim onu da bildirdi ki, hazırda xəstəliyin qeydə alındığı təsərrüfatlarda mərhələli olaraq müalicə tədbirləri aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.