AZ

Almaniyada 75 yaşlı kişi liftdə 4 gün ac və susuz qalıb

Osnabrük şəhərində baş verən hadisədə kişi yalnız oğlunun çağırdığı polis sayəsində xilas edilib...

Poliqon xəbər verir ki, Almaniyanın Aşağı Saksoniya əyalətinə aid Osnabrük şəhərində təxminən 75 yaşlı bir kişi öz evinin liftində qapalı vəziyyətdə qalıb və orada dörd gün ərzində nə yemək, nə də su qəbul edə bilməyib. Hadisə iyul ayında baş versə də, polis faktla bağlı məlumatı yalnız indi açıqlayıb.

Bild nəşrinin məlumatına görə, liftin elektrik sistemində yaranan nasazlıq səbəbindən nə özü, nə də təcili yardım düyməsi işləyib. Kişinin yanında mobil telefon da olmadığından yaxınları ilə əlaqə saxlaya bilməyib. Çarəsiz vəziyyətdə qalan sakin kabinənin panellərini zorla çıxarmağa cəhd etsə də, nəticə əldə edə bilməyib.

Onun xilasına yalnız oğlu səbəb olub. Atasının günlərlə əlaqə saxlamamasından narahat olan oğlu polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları şaxtadan zəif səs eşidiblər və bunun nəticəsində kişini taparaq çıxara biliblər. Xilas edilən şəxs ağır dərəcədə susuzlaşdığı üçün dərhal xəstəxanaya yerləşdirilib.

Avqustun sonunda səhhəti bərpa olunan kişi onu xilas edən polis əməkdaşlarını evinə qəhvəyə dəvət edib. O, söhbət zamanı bildirib: “Heç vaxt polisə yaxın olmamışam, amma o an polis səsini eşitmək mənim üçün ən böyük sevinc idi”.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr