Alimlər nadir genetik xəstəliklər - ksanxromizm və albinizmin təsiri ilə yaranmış unikal rəngi təsdiqləyiblər...
Poliqon xəbər verir ki, Karib dənizində elmə məlum olmayan rəngdə – parlaq narıncı dərili və ağ gözlü tibb bacısı akula (Ginglymostoma cirratum) tutulub və daha sonra azadlığa buraxılıb. Tədqiqat nəticəsində məlum olub ki, bu nümunədə dərinin sarı piqmentasiyasını gücləndirən ksanxromizm adlı nadir xəstəlik müşahidə edilib. Bu, tarixdə ilk dəfədir ki, belə bir hal akulalarda qeydə alınır. Bundan əlavə, balıqda albinizm də aşkarlanıb ki, bu səbəbdən onun gözləri tamamilə ağ rəngdədir.
Araşdırma "Marine Biodiversity" jurnalında dərc olunub. Alimlər uzunluğu 2 metr olan bu qeyri-adi akulanı hərtərəfli öyrəniblər. Qeyd olunur ki, ksanxromizm müxtəlif heyvan növlərində rast gəlinən, sarı və narıncı rəngin güclənməsi ilə müşayiət olunan genetik pozuntudur, lakin indiyədək akularda qeydə alınmamışdı.
Tibb bacısı akulalar adətən sarımtıl və ya boz-qəhvəyi rəngdə olurlar. Bu növdə əvvəllər də qeyri-adi rəng dəyişiklikləri — məsələn, tam albinizm halları və ehtimal edilən ksanxromizm müşahidə olunub. Lakin ilk dəfədir ki, alimlər tibb bacısı akulasında ksanxromizmin elmi təsdiqini veriblər.
Mütəxəssislər həmçinin müəyyən ediblər ki, akulanın gözlərindəki tipik qara rəngli iris yoxdur və buna görə də onlar tamamilə ağ görünür. Bu isə həmin nümunənin eyni anda həm albinizm, həm də ksanxromizm daşıdığını göstərir. Alimlər qeyd edirlər ki, belə kombinasiyalı xəstəlik akularda indiyədək heç vaxt qeydə alınmayıb.
Tədqiqatçılar hesab edirlər ki, anomal piqmentasiya əsasən genetik amillərlə bağlıdır. Bununla yanaşı, ətraf mühitin dəyişməsi və okean sularının istiləşməsi də akulanın qeyri-adi rənginə təsir etmiş ola bilər. Onlar bildirirlər ki, səbəbləri tam anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.
Maraqlıdır ki, bu rəngin qeyri-adi olmasına baxmayaraq, akula artıq yetkin yaşa qədər yaşamağı bacarıb. Alimlərin fikrincə, bu hal sual doğurur, çünki adətən heyvanlar ətraf mühitə uyğunlaşmaq üçün müəyyən rənglərə malik olurlar. Görünür, parlaq narıncı rəng bu akulanın uzun illər sağ qalmasına mane olmayıb.
Poliqon.info