AZ

Xanyurdu və Vəngli kəndləri növbəti sakinlərinə qovuşub

Dünən Xocalı rayonunun Xanyurdu və Ağdərə rayonunun Vəngli kəndləri növbəti qayıdış karvanlarını qarşılayıb. Böyük qayıdış proqramına uyğun olaraq, Xanyurduna 15 ailə (46 nəfər), Vəngliyə isə 29 ailə (105 nəfər) köçürülüb.

Sakinlərinə qucaq açan digər ərazilərimizdə olduğu kimi, bu kəndlərdə keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarında rahat və təhlükəsiz həyat sürmələri üçün hər cür şərair  yaradılıb. Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit təşkil olunub, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar yaradılıb. Yaşayış məntəqələrində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb. Keçmiş məcburi köçkünlərin dayanıqlı və təhlükəsiz məskunlaşması üçün yaradılan müasir infrastruktur dövlətimizin vətəndaşlarına verdiyi dəyərin göstəricisidir.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. "İnsanın arzuları gerçəkləşəndə xoşbəxt olur. Ötən 33 il ərzində doğma torpaqlara qayıtmaq, yurdumun havasını udub, suyunu içmək mənim ən böyük arzum idi. Bu gün mən xoşbəxtəm, çünki illərdir qəlbimdə daşıdığım arzum gerçəkləşir", - deyib Xanyurdu  sakini Oruc Mehrəliyev.

Uzun ağrılı-acılı illərdən sonra torpağına geri dönən keçmiş məcburi köçkün Hicran Muradova keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkdiyini bildirib: "İllərlə həsrətində olduğumuz torpaqlara, doğma yurdumuza qayıdırıq. Beş il əvvəl Qarabağımızın azadlığa qovuşmasına sevinirdik. İndi isə Qarabağımızın dirçəlməsinin, yenidən qurulmasının, tarixi torpaqlarımıza Böyük qayıdışın sevincini yaşayırıq".

Böyük Qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin daimi məskunlaşması təmin ediləcək. İşğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, minlərlə keçmiş məcburi köçkün doğma ocağına qayıdır, bu yurd yerlərində həyat canlanır. Vətən müharibəsindən sonra prioritet məsələlərdən biri infrastrukturun bərpası və bölgəyə həyatın qaytarılmasıdır. Bugünkü statistikaya nəzər yetirəndə görürük ki, qarşıya qoyulan hədəflərə uğurla nail olunur. Böyük qayıdış proqramı çərçivəsində artıq 21 yaşayış məntəqəsində, 6 şəhər və 15 kənddə məşkunlaşma reallaşdırılıb, 18302 nəfər (4630 ailə) əzəli yurduna qovuşub. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Ağdərə rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 824 ailə (3141 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 659 ailə (2856 nəfər) Cəbrayıl şəhərində, 197 ailə (902 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 159 ailə (566 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 187 ailə (779 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində, 277 ailə (1176 nəfər) Ağdam rayonunun Kəngərli kəndində,  89 ailə (363 nəfər) Laçın rayonunun Bəylik kəndində, 360 ailə (1359 nəfər) Ağdam rayonunun Xıdırlı kəndində, 28 ailə (125 nəfər) Xocalı rayonunun Təzəbinə kəndində, 69 ailə (237 nəfər) Xocalı rayonunun Xanyurdu kəndində, 26 ailə (89 nəfər) Ağdərə rayonunun Kolatağ kəndində, 51 ailə (188 nəfər) Ağdərə rayonunun Vəngli kəndində, 20 ailə (84 nəfər) Kəlbəcər şəhərində məskunlaşıb. 

Düşmən əsarətindən xilas edilmiş ərazilərimizdə reallaşdırılan bərpa və quruculuq işləri, qısa müddət ərzində keçmiş məcburi köçkünlər üçün yaradılan şərait dövlətimizin qüdrətini və xalqımızın sarsılmaz iradəsini əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda başlanan yeni həyat ölkəmizin yüksəlişini əks etdirən ən yaddaqalan mərhələlərdən biri olacaq.

 Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr