Məlum olduğu kimi, sentyabrın 28-də Azərbaycanda keçiriləcək III MDB Oyunları Gəncədə start götürəcək. Həmin mötəbər yarışlara rəsmi "GERİ SAYIM" mərasimi də keçirilmiş, yarışların maskotları-Bəbir və Leyla da geniş ictimaiyyətə təqdim olunmuşdur.
III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və tikinti işlərində son tamamlama işləri görülür. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən hazırlıq işləri çərçivəsində şəhərin küçə və prospektləri asfaltlanmış, çoxmənzilli və fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, hasarları təmir olunmuş, şəhərdəki park və xiyabanlar abadlaşdırılmışdır. Bütün bu işlər Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyi, "Bakı Abadlıq Xidməti" MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.
Qeyd edək ki, görülən işlər çərçivəsində 40 küçədə 238093 kvadratmetr sahədə asfalt örtüyü yenilənmiş, 4 çoxmənzilli yaşayış binasında 16895 kvadratmetr sahədə fasad təmir edilmişdir. Şəhərin 4 mərkəzi prospekt və küçəsində 8000 kvadratmetr sahədə avtomobil yolunda daş örtükləri təmir edilmişdir. Bundan başqa, 7 küçədə 6100 poqonometr hasar və istinad divarlarında yenilənmə işləri aparılmış, 5 küçədə 5942 kvadratmetr sahədə kərpiç hasar təmir olunmuşdur. Şəhərdəki yeraltı keçidlərin təmiri də uğurla aparılmışdır. Belə ki, 3 yeraltı keçidə mərmər üzlüklər vurulmuşdur. Şəhərin görkəminə yaraşıq verən monitorların əsaslı təmiri aparılmış, 100 kvadratmetr ölçüdə bir ədəd yeni monitor quraşdırılmışdır.
Məlum məsələdir ki, III MDB Oyunlarının keçirildiyi ərəfədə qonaqların mənalı istirahəti üçün müxtəlif tədbirlər də həyata keçiriləcək. Bu baxımdan Hacıkənd qəsəbəsində bir sıra yenidənqurma işləri həyata keçirilmişdir. Qəsəbədə yerləşən "Nizami Gəncəvi-Sələflər və Xələflər" parkında 3680 kvadratmetr sahədə təmir işləri görülmüş, 1730 kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır.
III MDB Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 43 daxili küçə və prospektlərdə 843000 kvadratmetr sahədə əsaslı təmir işləri aparılmışdır. İctimai nəqliyyatın hərəkət marşrutu üzrə şəhərin 41 daxili küçə və prospektində 185000 kvadratmetr sahədə əsaslı təmir işləri görülmüşdür.
Gəncənin bu mötəbər yarışlara hazırlıq işlərində "Bakı Abadlıq Xidməti" MMC də fəal iştirak edir. Belə ki, MMC tərəfindən 637 yaşayış və qeyri-yaşayış binasında ümumilikdə 101289 kvadratmetr fasad təmir edilmişdir. 1159 binada 198865 kvadratmetr sahədə dam örtüyü yenilənmiş, 49 küçədə işıqlandırma işləri çərçivəsində 101455 poqonometr kabel xətti çəkilərək 2485 ədəd işıqlandırıcı quraşdırılmışdır.
Şəhərin yaşıllıq əraziləri də xeyli genişləndirilmişdir. Belə ki, ümumi sahəsi 175900 kvadratmetr olan 5 parkda əsaslı təmir işləri aparılmışdır. 10497 ədəd müxtəlif ağac və gül kolları əkilmişdir.
Şəhərə gözəllik verən fəvvarələrin təmiri də diqqətdən yayınmamışdır. Qısa vaxt ərzində 24 ədəd fəvvarə təmir edilərək istifadəyə verilmişdir.
Gəncə şəhər stadionu isə ayrıca qeyd edilməlidir. Oyunların açılış mərasiminin keçiriləcəyi şəhər stadionunda isə işlər demək olar ki, başa çatmışdır. Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamına əsasən, inşa edilən bu möhtəşəm idman qurğusunun ərazisi 10 hektardır və UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun tikilmişdir. Tamaşaçı tutumu 15 min 464 nəfər olan stadion hər cür şəraitlə təmin edilmişdir.
Qeyd edək ki, hazırda qədim Nizami yurdu əsl inşaat meydançasını xatırladır. Hara baxırsan, yenidənqurma işlərinin şahidi olursan. Hamı çalışır ki, III MDB Oyunları yüksək səviyyədə keçsin və bütün qonaqlar Gəncədən xoş təəssüratla qayıtsınlar. Görülən hazırlıq işləri isə onu deməyə əsas verir ki, bu oyunlar uzun müddət xatirələrdə yaşayacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan"