AZ

Qarabağın sənaye ritmi Almatıda

Ağdam Sənaye Parkı "KazBuild 2025" sərgisində uğurla təmsil olunub

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye zonalarının inkişafı ölkəmizin iqtisadi dirçəliş strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə fəaliyyət göstərən Ağdam Sənaye Parkının rezidentləri həm daxili, həm də xarici bazarlar üçün rəqabətədavamlı məhsullar istehsal etməyi və dünya bazarlarında söz sahibi ola biləcək müasir inkişaf nümunələrini sərgiləməyi qarşıya məqsəd qoyublar.

Bu gün Ağdam Sənaye Parkı özünü Qarabağın iqtisadi inkişafında əsas sənaye obyektlərindən biri kimi göstərir. Burada rezident statusu alan müəssisələrin fəaliyyəti regionun sosial-iqtisadi bərpasına, məşğulluğun artırılmasına və yerli istehsalın stimullaşdırılmasına xidmət edir. Qarabağda həyata keçirilən sənaye layihələri sadəcə iqtisadi inkişaf məqsədi daşımır. Məqsədlərdən biri də Azərbaycanın öz məhsullarını "Made in Azerbaijan" adı altında dünyaya tanıtmaq, yerli istehsalı gücləndirmək və ixrac imkanlarını artırmaqdır. Bu vacib addım azad olunmuş ərazilərdə həyatın yenidən başlamasının və sürətli dirçəlişin göstəricisidir. Burada yaradılan hər bir müəssisə, açılan hər bir iş yeri,  əslində, məcburi köçkünlərin doğma torpaqlarına dönüşünə, ailələrin dolanışıq imkanlarının genişlənməsinə və bölgədə dayanıqlı iqtisadi ekosistemin qurulmasına xidmət edir.

Bilirik ki, hər bir iş yeri, istehsal və ixrac  istiqamətində atılan addımlar Azərbaycanın dayanıqlı inkişafına töhfədir.  Bu mənada Ağdam Sənaye Parkı ölkəmizin iqtisadi gücünün artmasına, gənclərin öz doğma yurdlarında iş imkanları əldə etməsinə, Azərbaycanın sənaye potensialının dünyada daha da tanınmasına xidmət edən bir mərkəzdir. Nümunə olaraq parkın fəal rezidentlərindən olan "Bafco İnvest" MMC-nin adını çəkə bilərik. Müəssisə həm yüksəkkeyfiyyətli məhsul istehsalı, həm də qabaqcıl texnologiyaların tətbiqi ilə fərqlənir. O, yerli resurslardan səmərəli istifadə etməklə yanaşı, regionun sənaye və iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. Məhz bu səbəbdəndir ki, "Bafco İnvest" MMC-nin  bu günlər 31-ci Qazaxıstan Beynəlxalq İnşaat və İnteryer Sərgisi "KazBuild 2025"- də iştirakı Qarabağda formalaşan yeni sənaye mühitinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, "KazBuild" sərgisi Mərkəzi Asiyanın ən nüfuzlu və genişmiqyaslı beynəlxalq tikinti və interyer tədbiridir. 1994-cü ildən etibarən hər il Qazaxıstanın Almatı şəhərində təşkil olunan sərginin məqsədi yerli və beynəlxalq dizaynerləri, memarları eyni platformada toplayaraq, yeni biznes əlaqələrinin qurulmasına, əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır. "KazBuild"  ən son texnologiyaların, yüksəkkeyfiyyətli materialların və çağdaş dizayn trendlərinin təqdim olunduğu unikal bir məkandır. Bu platforma Mərkəzi Asiya ölkələri arasında tikinti sənayesi üzrə ən strateji forum kimi də qəbul edilir. Yerli və regional şirkətlər burada rəqabətə davamlılıq qabiliyyətlərini artırır, bazar tendensiyalarını öyrənir və gələcəyə yönəlmiş strategiyalarını müəyyənləşdirirlər. 

"KazBuild" sərgisi  "yaşıl texnologiya"lar, enerji effektivliyi, avtomatlaşdırma kimi sahələrdə təqdim olunan yeniliklər haqqında da sərgi iştirakçılarına innovativ təcrübə və biliklər əldə etmək imkanı verir. Bundan başqa, iştirakçılara öz brendlərini tanıtmaq, müştəri və tərəfdaş şəbəkələrini genişləndirmək, eləcə də biznes və dövlət qurumları ilə birbaşa əlaqələr qurmaq baxımından böyük fürsət təqdim edir.

Belə beynəlxalq platformada iştirak "Bafco İnvest" MMC-yə yeni bazarlara çıxış imkanı, texnoloji tərəfdaşlıqlar qurmaq və rəqabətqabiliyyətli məhsullarını nümayiş etdirmək üçün real zəmin yaradır. Xatırladaq ki, inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biri olan "KazBuild 2025" Beynəlxalq Tikinti və İnteryer Sərgisi dünyanın  23 ölkəsindən 401 iştirakçını bir araya gətirib. Burada Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və İran kimi ölkələrin aparıcı istehsalçıları ilə yanaşı, "Bafco İnvest" MMC-nin də məhsulları sərgilənib. 

Müəssisədə istehsal edilən premium keyfiyyətli qoruyucu işçi ayaqqabılarının yeni modelləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Təqdim  olunan məhsullar keyfiyyət göstəricisi kimi diqqət çəkib və Qarabağda formalaşan sənaye potensialını nümayiş etdirib. Bu fakt bir daha sübut edir ki, azad edilmiş ərazilərimizdə qurulan sənaye müəssisələri artıq beynəlxalq bazarlarda rəqabətə davamlı məhsullar təqdim etmək gücündədir. Ağdam Sənaye Parkının belə nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşan iqtisadi layihələrin artıq beynəlxalq aləmdə tanınmağa başladığına dəlalət edir. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr