Onlayn elanlar vasitəsilə yüzlərlə gənc aldadılır - hüquqşünas və DİN xəbərdarlıq edir
Mənzillərin onlayn kirayə verilməsi prosesində dələduzluq edənlərin sayı artıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdə yaşayan tələbələr özlərinə rahat olsun deyə qalacaqları evi onlayn qaydada tapıb, kirayələməyə üstünlük verirlər.
Onlar elan saytlarında bəyəndikləri evi kirayələmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayır. Razılaşmadan sonra qarşı tərəfə əvvəlcədən beh adı altında müəyyən bir məbləğ, yaxud da evin bir ayının pulunu ödəyirlər. Təkrar zəng etdikdə isə “ev sahibinə” zəng çatmadığını görürlər. Beləcə yüzlərlə tələbə onlayn dələduzluğun qurbanına çevrilir.
Ümumiyyətlə, virtual dələduzlar yeni tədris ilinin başlaması ilə əlaqədar saxta vədlərlə bölgələrdən geri dönən, tələbə adı qazanan gəncləri və valideynlərini hədəf seçə, onların maddi vəsaitini mənimsəyə bilərlər. Ssenari demək olar ki, eynidir. Siz elan saytında kirayə verildiyi yazılan evi seçirsiniz və əlaqə saxlayaraq bəyəndiyinizi bildirirsiniz. Elan sahibi, yəni dələduz sizdən beh və ya bütöv kirayə haqqı istəyir. İnandırmaq üçün hətta sizə şəxsiyyət vəsiqəsi də göndərir. Əslində isə elandakı evin görüntüləri də, məlumatlar da saxtadır, şəxsiyyət vəsiqəsi isə sizdən əvvəlki qurbanlardan birinə məxsusdur. Bu səbəbdən, evi görməmiş, mənzili kirayə verəni tanımamış pulu onlayn yolla ödəmək tövsiyə olunmur.
Adil Vəliyev
Təhsil sahəsi üzrə ekspert Adil Vəliyev bu günlərdə sosial media hesabında bu barədə fakt təqdim edib. O yazıb: “Yeni tədris ili başlamadan virtual oğrular işə başladılar. Keçən gün bir dostumuzun rayonda yaşayan qohumları, Bakıda universitetə qəbul olduqları üçün elan saytlarından birindən ev bəyəniblər. Saytda yazılan nömrə ilə əlaqə saxlayanda, qarşı tərəf "tələbat çoxdur, istəyirsinizsə 100 manat beh (pul) göndərin, evi sizin üçün saxlayaq" deyib. Bəli, düşündüyünüz kimi, pul karta göndəriləndən sonra nömrəyə zəng çatmayıb... Əziz tələbələr və valideynlər, mümkün qədər universitet yataqxanalarına üz tutun, yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər/rayona gələrək, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı “qurban” siz olmayasınız..."
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycanda kirayə münasibətlərinin hüquqi çərçivəsi kifayət qədər geniş olsa da, praktiki tətbiq zamanı həm kirayə verən, həm də kirayəçi üçün müəyyən çətinliklər yaranır. O qeyd etdi ki, bu gün mənzillərin kirayə verilməsi ilə əlaqədar müqavilələrin təxminən 5 faizi rəsmiləşdirilir, bu da tərəflərin hüquqlarının qorunmasını olduqca zəiflədir: “Əslində Mülki Məcəllənin 33-cü fəsli (m. 685-698) kirayə müqaviləsini həm kirayəçi, həm də ev sahibinin maraqlarını balanslaşdırmaq üçün nəzərdə tutur. Müqavilə rəsmi bağlandıqda tərəflər əmlakın qorunması, kirayə haqqının sabitliyi və vaxtından əvvəl çıxarılma hallarına qarşı hüquqi təminat əldə edirlər. Lakin vergitutma və notariat prosedurları bir qədər mürəkkəbdir. Vergi Məcəlləsinə əsasən, əmlakını kirayə verən fiziki şəxs gəlirindən 14% vergi ödəməlidir. Bu vergi diferensiallaşdırılmadan tətbiq olunduğu üçün bəzi hallarda rəsmi müqavilələrdən yayınmaya səbəb olur. Əlavə olaraq, notarial təsdiq, rüsum və Forma-1 kimi sənədlərin tələb olunması tərəfləri əlavə xərcə salır. Halbuki beynəlxalq təcrübədə (məsələn, Türkiyə, ABŞ, Avropa ölkələri) kirayə müqavilələrinin sadə yazılı formada bağlanması kifayət edir, dövlətin müdaxiləsi isə əsasən mübahisələrin həlli mərhələsində tətbiq olunur. Qeyd etmək lazımdır ki, hazırda kirayə münasibətlərində dələduzluq halları da artmaqdadır. Xüsusilə tələbələr elan saytlarında gördükləri ev üçün beh və ya bir aylıq kirayə haqqını əvvəlcədən ödədikdən sonra "ev sahibinə" daha zəng edə bilmirlər. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət tərkibi yaradır. Tələbələrin və ümumilikdə kirayəçilərin bu cür hallardan qorunması üçün əsas qayda yalnız yazılı müqavilə əsasında və rəsmi ödəniş üsulları ilə razılaşmaqdır. Əvvəlcədən ödəniş etmək istənildikdə isə həmin ödənişin müqavilədə təsbit olunması və rəsmi qəbzlə sənədləşdirilməsi zəruridir".
P.Mehdiyevin fikrincə, hüquqi baxımdan daha təhlükəsiz mühit yaratmaq üçün müəyyən addımlar atıla bilər: “İlk növbədə, icarə vergisinin diferensiallaşdırılması vacibdir - sosial status, əmlakın yerləşdiyi yer və gəlir səviyyəsi nəzərə alınaraq müxtəlif dərəcələr tətbiq olunmalıdır. İkincisi, sadə yazılı müqavilələrin hüquqi qüvvəsinin artırılması və notariat prosedurlarının tərəflərin istəyinə bağlı olması məqsədəuyğundur. Üçüncü, Forma-1 və əlavə razılıqların tələb olunması təcrübəsi sadələşdirilməlidir ki, kirayə münasibətləri üçün artıq bürokratik maneələr aradan qalxsın. Nəticə etibarilə, kirayə münasibətlərində qanuni mexanizmlərin tətbiqi həm vətəndaşların hüquqlarını qoruyar, həm də dövlət büdcəsinə əlavə gəlir gətirər. Sadələşdirilmiş və hüquqi baxımdan aydınlaşdırılmış mexanizmlər tətbiq olunduqda, həm kirayə verən, həm də kirayəçi daha etibarlı və şəffaf mühitdə münasibət qura bilər”.
Elbrus İbrahimov
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə də (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “evlərin kirayəsi” kimi saxta səhifələr açıb insanların etibarından sui-istifadə edən şəxslər barədə polisə məlumatlar daxil olur.
DİN rəsmisinin sözlərinə görə, həmin şəxslərin müəyyən olunması istiqamətində tədbirlər mütəmadi olaraq aparılır: “Sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşlar diqqətli olmalıdırlar, çünki həm satan, həm alan tərəf dələduz ola bilər. Bu cür zənglər vətəndaşların sayta yerləşdirdiyi elanlarla bağlı ola bilər, yaxud əksinə, dələduz diqqəti cəlb etmək məqsədilə elan saytlarına real dəyərindən qat-qat aşağı qiymətə məhsul yerləşdirir. Əlaqə yaradanda isə özünün ölkədə olmadığı, yaxud uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini və yaxud alacağını bildirir. Kiberdələduzların qurbanı olmamaq üçün vətəndaşlarımıza əmin olmadıqları səhifələrə və linklərə keçid etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik. Üzləşdikləri kiberdələduzluq halları ilə bağlı dərhal DİN-in 102 Zəng Mərkəzinə, həmçinin sosial şəbəkələrdə "Polisazərbaycan" rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”