AZ

Minsk qrupunun tarixin arxivinə göndərilməsi dövlətimizin ədalətli mövqeyinin beynəlxalq müstəvidə qəbulunun ifadəsidir - ŞƏRH

Bakı, 9 sentyabr, AZƏRTAC

ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi müddətdə heç bir səmərəli fəaliyyəti olmayan bu təşkilatın ləğvi tamamilə məntiqli və qanunauyğun addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat xatırladıb ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı belə bir razılığa gəliblər. Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Bununla da, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən təsisatın münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Rəsmi Bakının mövqeyi belədir ki, bu qərarın qəbulu vaxtilə işğal edilmiş ərazilərimiz azad olunması və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Eyni zamanda, bu, Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb: “ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərirdi. Quruma həmsədrlik etmiş ölkələr dünyanın ən böyük dövlətləri sırasında yer alır. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, 30 ilə yaxın müddətdə Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Əksinə Azərbaycan cəmiyyəti çox zaman həmsədrlərin bəyanatlarının erməni tərəfinin maraqlarına uyğun olmasından narahatlığını ifadə edib. Buna görə də Azərbaycan dövləti öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi”.

Samir Vəliyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biri idi. Prezident İlham Əliyev bununla bağlı prinsipial mövqeyini dəfələrlə bəyan etmişdi. Rəsmi İrəvan ilk vaxtlarda bu şərti yerinə yetirmək istəməsə də, sonda reallıqları qəbul etməli oldu. Çünki qalib və haqlı tərəf məhz Azərbaycandır. Beləliklə, keçmiş münaqişənin bir göstəricisi olan ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi dövlətimizin gücünün və ədalətli mövqeyinin beynəlxalq müstəvidə qəbulunun ifadəsidir. Artıq bundan sonra proseslər regionda sülh və əməkdaşlığın bərqərar edilməsinə köklənməlidir.

Seçilən
16
3
azertag.az

4Mənbələr