D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihə həyata keçirir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.
-
Layihənin icra müddəti: 3 ay
-
Layihə əhatə dairəsi: Lerik rayonu, Bibiyanı kəndi
Layihənin ümumi və spesifik məqsədləri
Layihənin ümumi məqsədi regional turizmin inkişafına dəstək verməkdir.
Layihənin spesifik məqsədləri:
a) Turizm potensialı olan Bibiyanı kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək göstərilməsi (monitorinq zamanı qadınların ehtiyaclarının dəqiqləşdirilməsi nəzərdə tutulur);
b) Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması;
c) “Koordinasiya Qrupu”nun yaradılması (turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının koordinasiyası üçün);
d) Bibiyanı turistik kəndində turist təsərrüfatı ilə məşğul olan evləri əks etdirən (qısa məlumat və fotolarla) bukletin hazırlanması və yayılması.
01.09.2025 – 05.09.2025-ci il tarixlərində layihənin ekspertləri Nabat Qəniyeva, Dilarə Əfəndiyeva və layihə könüllüsü İlahə Məmmədova Lerik rayonunun Bibiyanı kəndində monitorinq keçirdilər. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Lənkəran Regional Şöbəsinin bir qrup əməkdaşı da Bibiyanı kəndində oldular. Onlarla həm layihə, həm də turistik kənd elan edilən Bibiyanının gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Qeyd olundu ki, təşkilat olaraq 2018-ci ildən bu günədək imkan daxilində həm Lerik rayonunda, həm də Bibiyanı kəndində müxtəlif tədbirlər keçirərək bölgənin dünəni və bu günü ilə yaxından tanış olmuşuq.
Monitoring zamanı 100-ə yaxın evdə olduq, sorğu-anketlərin doldurulmasını təşkil etdik. Hər bir qadınla görüş zamanı ilk olaraq təşkilat, donor qurum və layihə barədə qısa məlumat verdik. Daha sonra izah etdik ki, məqsədimiz kənddə turizmin inkişafında qadınların rolunu araşdırmaq və onların hüquqlarının artırılması istiqamətində necə dəstək ola biləcəyimizi müəyyənləşdirməkdir.
Kənd xanımları ilə səmimi ünsiyyət qura bildik. Onlar qadınlara diqqət göstərən, inkişafı üçün çalışan hər kəsə minnətdarlıqlarını ifadə etdilər.
Anket sorğularının təhlilindən sonra 50 nəfər qadın 5 qrupa bölünəcək və onlarla 5 gün ərzində maarifləndirici təlimlər keçiriləcək.
Qadınlar, ümumilikdə isə kənd əhalisi, kəndin inkişafında baş verən dəyişikliklər barədə sevinclə danışaraq sabaha ümidlə baxdıqlarını qeyd etdilər.