Bizim Göyçəkənd Göygölün ən səfalı kəndlərindən biridir. Meşələrlə əhatə olunmuş kənd bulaqlar, şəfa bitkiləri ilə zəngindir. Odur ki, hər il bura yüzlərlə turist gəlir.
Bu yaxınlarda rayon icra hakimiyyəti başçısının kənddə keçirdiyi səyyar görüş zamanı bütün bunlar barədə ətraflı söhbət açıldı və sakinlər bir sıra sosial problemlərin həllinin vacibliyi barədə təkliflərlə çıxış etdilər. Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən rayon icra hakimiyyətinin başçısı kənd yolunun asfaltlanmasını, su probleminin aradan qaldırılmasını, əkin sahələri üçün ayrılan texnikanın qiymətinin tənzimlənməsini və başqa məsələlərin həllini aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə tapşırdı.
İndi kənddə geniş abadlıq işlərinə başlanılmışdır. Sevinirik ki, yaxın vaxtlarda kəndin yolu da, əhalinin əkin sahələrinin suvarılması üçün lazım olan su xətti də qaydaya salınacaqdır.
Əlövsət QURBANOV,
Göygöl rayon Göyçəkənd kəndinin sakini