Kulis.az Həmid Herisçinin Xalq yazıçısı Anara həsr etdiyi "Demateriallaşma" şeirini təqdim edir.
Sən bədənsiz də varsan.
Qələmsiz də yazarsan.
Qanadsız da uçarsan.
Sən...
Sən demateriallaşıbsan
çoxdan.
Bilirsənmi nə vaxtdan?
Haçan ki sovet vaxtları bezib ictimai nəqliyyatdakı basabasdan,
Sallanırdın "LAZ", İKARUS" avtobuslarının yarıaçıq qapılarından.
İlk dəfə o vaxt sürücü sənı itələyəndə qapıdan
yapışdın havadan
və gördün necə yıxılmayırsan...
Yunan əfsanələrindəki qanadlı İkarsan!
Yerin cazibə qüvvəsini aldadırsan!
Ayaq pəncəni qorxa- qorxa geri çəkdikcə bütün dərgahların qapısından.
Anamdan əmdiyim süd geri qayıtdı, vallah, burnumun ucundan!
Sonra kinoteatr kassalarından
"Daş və çiçək" hind filmınə bilet alarkən,
özünü dürtdün uzun növbəyə,
Bir də gördün içəridə ön sıradasan.
Biletini alıbsan.
Əjdahanın ağzından.
Biletsiz birisi isə əl çəkmirdi yaxandan.
O bileti alammazdın
Demateriallaşmasan.
Uşaqlıqda gördüyün bir kimyəvi parçalanmadan
Beş qiymətini almasan.
Deyirlər, barəmdədir son yazdığın "Gözmuncuğu" adlı roman.
Neynək...bəzən casusları tanıyırlar ağızlarındakı diş plombundan.
Bədənsiz də varsan.
Kəfənsiz də basdırarsan öz fobiyalarını.
60-cıların yarıutopiyalarını.
Tüpür ağzından bütün diş plomblarını,
Burax getsin damarlarından bütün tromblarını...
Boğazının poetik şarfını.
Sən "İkarus" avtobusundan sallanan vaxtdan
İkarsan.
Dabanı havadasan.
Təbrizəcən axacaq
Damarlarımda qatılaşmayan,
Laxtalanmayan
Bir an.
Bu qan.