AZ

AQEM-in Baş katibi: Azərbaycanın COP29-a ev sahibliyi regional iqlim diplomatiyasını yeni səviyyəyə yüksəldib

Bakı, 9 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Beyin Mərkəzləri Forumunun 13-cü iclasında içtirakçılara müraciəti, həqiqətən də ilhamverici oldu və forumun əhəmiyyətini daha da artırdı. Builki toplantı xüsusi önəm daşıyır, çünki Azərbaycan sədrliyi ilə keçirilən ilk beyin mərkəzləri forumudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Beyin Mərkəzləri Forumunun 13-cü iclasının açılışında deyib.

O qeyd edib ki, AQEM səmərəliliyin artırılmasını əsas prioritet hesab edir. Bu gün Asiya elm və texnologiya sahəsində yüksələn nüfuzu ilə qlobal inkişafın mühüm mərkəzinə çevrilir. Dövlətlərin artan qarşılıqlı asılılığı fonunda AQEM-in dəyəri bir daha aydın görünür. Bu platforma Asiya ölkələrinin strateji baxışlarını bölüşməsi üçün vacib platformadır.

“Asiyanın dünya səhnəsində yüksələn təsiri AQEM-in əhəmiyyətini daha da artırır. Regional sabitlik isə həlledici rol oynayacaq. Əsas missiyamız böhrandan çıxış yollarını müəyyənləşdirmək və davamlı inkişafı təmin etməkdir. Bu baxımdan, builki mövzumuz olan “İnkişaf və təhlükəsizliyin rezonansı” dövrün çağırışlarına tam uyğun gəlir və regionumuzu formalaşdıran amillərin daha dərindən anlaşılmasına imkan verir.

Xüsusilə, bu il diqqətin ətraf mühit məsələlərinə yönəldilməsi böyük əhəmiyyət kəsb edib. Azərbaycanın COP29-a ev sahibliyi regional iqlim diplomatiyasını yeni səviyyəyə yüksəldib. Bu sahə gələcəkdə AQEM-in əsas sütunlarından biri olacaq. Üzv dövlətlərin əməkdaşlıq və dialoqa maraq göstərməsi isə müzakirələrin davam etdirilməsi üçün güclü zəmin yaradıb”, - deyə Baş katib bildirib.

Onun sözlərinə görə, bütün bu proseslər AQEM-in yeni inkişaf yoluna qədəm qoyduğunu göstərir. Təşkilatın daha strukturlaşdırılmış və çoxölçülü çərçivəyə doğru irəlilədiyi bir dövrdə Beyin Mərkəzləri Forumu öz araşdırmaları, strateji baxışları və siyasi təhlilləri ilə bu transformasiyanı dəstəkləmək niyyətindədir.

Seçilən
17
7
azertag.az

8Mənbələr