Kreml diaspor üzərindən Ukrayna müharibəsinə çağırır, təhlükə Azərbaycana da çata bilər
“Ara Abramyanın çağırışı sadəcə fərdi deyil, Kremlin xaricdəki hərbi strategiyası işə düşür”
Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Rusiyada yaşayan xalqları Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə qoşulmağa çağırıb. O, bu barədə TASS-a müsahibəsində bildirib. “Biz bütün bölgələrdəyik, hamı ilə işləyirik, xüsusi əməliyyatda (Ukraynanın işğalında – red.) iştirak edirik. Bu gün 640 şəhərdə filiallarımız var. Bu gün qarşımıza hansı məqsəd və vəzifələr qoyuruq? Məhz vətənpərvərlik. Mən müxtəlif universitetlərdə çıxış etmişəm, tələbələrə bu barədə danışmışam, hər birimiz qələbə üçün hərəkətə keçməliyik”, - diaspor rəhbəri bildirib. Abramyan qeyd edib ki, bunun üçün pul vermək lazım deyil, Rusiya uğrunda döyüşmək lazımdır: “Biz çalışmalıyıq - ermənilər, gürcülər, başqa millətlər”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bu çağırışı Kremlin təlimatının bir
hissəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Ara Abramyanın Rusiyada yaşayan erməniləri və digər xalqları Ukraynaya qarşı müharibəyə qoşulmağa çağırması, sadəcə bir fərdi təşəbbüs deyil:
“Bu, Kremlin xaricdəki icmalar üzərində hərbi və siyasi təsirini artırmaq strategiyasının bir hissəsidir. Rusiyanın diaspor siyasətində belə çağırışlar sistemli şəkildə həyata keçirilir. Rusiya artıq mövcud diaspor təşkilatlarını ləğv edir və onların yerinə yerli icmalar yaradır. Bu icmalarda rəhbərləri Kremlin özü təyin edir. Məqsəd, xaricdə yaşayan vətəndaşları və miqrantları asanlıqla hərbi məqsədlər üçün idarə edə bilməkdir”.
Rusiya ordusunda canlı qüvvə çatışmazlığı olduğunu xatırladan M.Əsədullazadə qeyd edib ki, bu boşluğu doldurmaq üçün miqrantlardan istifadə olunur: “Bu proses həm qanuni, həm də etik baxımdan problemli sayılır, çünki xarici vətəndaşların münaqişələrə cəlb edilməsi onların hüquqlarını və təhlükəsizliyini risk altına qoyur”.
Siyasi ekspertin fikrincə, Azərbaycanın Rusiyada yaşayan icma rəhbərlərinin də bu çağırışları təkrarlama ehtimalı var:
“Növbəti mərhələdə digər millətləri təmsil edən icma rəhbərlərinin oxşar açıqlamalar verməsi gözlənilir. Bu isə Rusiyada yaşayan miqrantlar arasında gərginlik yarada bilər. Eyni zamanda, Rusiya ilə qonşu ölkələr arasında münasibətləri kəskinləşdirə bilər və regionda sabitliyi pozan risklər yaradar".
M.Əsədullazadə hesab edir ki, Kremlin xaricdə yaşayan xalqlar üzərindəki təsir mexanizmi həm Rusiya ordusunun ehtiyaclarını ödəmək, həm də geopolitik üstünlük qazanmaq məqsədini daşıyır. Bu proseslər, eyni zamanda, miqrantların hüquqlarının pozulması və regional gərginliyin artması kimi ciddi nəticələr doğura bilər.