2025-ci ilin iyulunda Əfqanıstanda saxlanılan rusiyalı etnoqraf Svyatoslav Kaverin azad edilib və Rusiyaya yollanır.
Publika.az xəbər verir ki, bu barədə RBC-yə Rusiyanın Əfqanıstandakı səfirliyindən məlumat verilib.
"Rusiya vətəndaşı Svyatoslav İqoreviç Kaverin bu gün axşam saatlarında Kabildən Moskvaya planlı reyslə uçub. Onun azadlığa buraxılması saxlanıldığı andan səfirlik tərəfindən aparılan gərgin işin nəticəsi olub", - diplomatik nümayəndəliyin bəyanatında deyilir.
Svyatoslav Kaverin 2025-ci il iyulun ortalarında Kunduzda saxlanılıb. O, bu barədə iyulun 19-da öz Teleqram kanalında məlumat verib. "Məni Kunduzda qızıl-zinət əşyalarının qaçaqmalçılığı ittihamı ilə saxlayıblar. İndi məni Kabilə, kəşfiyyat idarəsinə aparırlar. Ümid edirəm ki, bu, sənədlərimi yoxlamaq və zinət əşyalarımı qeydiyyata almaqla məhdudlaşacaq", - etnoqraf o zaman yazmışdı.
O vaxtdan bəri ondan yeni mesajlar gəlməyib.