Bakı, 9 sentyabr, AZƏRTAC
Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Azərbaycan Prezidenti qeyd edib ki, beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.