Müasir memarlığı ilə qədim şəhər ab-havasını birləşdirən Bakı turistlər üçün həm tarixi, həm də mədəni baxımdan cəlbedici bir məkandır. Xəzər dənizinin sahilində yerləşməsi, gecə-gündüz canlı həyat tərzi, zəngin mətbəxi və qonaqpərvər insanları şəhəri xarici qonaqlar üçün daha da maraqlı edir. Xüsusən də sosial media platformalarında Azərbaycan haqqında yayılan videolar, xarici blogerlərin paylaşımları və yeni trendlərin formalaşması ölkəmizə olan marağı artırmaqda mühüm rol oynayır.
Turizmin inkişafı ölkə iqtisadiyyatı və Azərbaycanın dünyada tanıdılması baxımından sevindirici haldır. Lakin bəzən turistlər ölkəmizdə davranış qaydalarına əməl etmədən, məlumatsızlıqdan və ya bilərəkdən, xalqımız üçün müqəddəs və həssas məna daşıyan yerlərdə uyğunsuz hərəkətlər sərgiləyirlər. Daha da narahatedici məqam isə bu cür davranışların sosial şəbəkələrdə paylaşılmasıdır. Bu, həm milli-mənəvi dəyərlərə hörmətsizlik kimi qəbul olunur, həm də cəmiyyətimizdə haqlı narazılıqlara səbəb olur.
Mövzu ilə bağlı Operativ Media-ya danışan deputat Azər Badamov bildirib ki, ölkəyə gələn hər bir turistə məlumatlandırıcı vərəqələr paylanılmalıdır:
"Azərbaycanın turizm sektoru son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin zəngin tarixi, mədəni irsi, milli adət-ənənələri və təbiət gözəllikləri xarici turistlərin diqqətini cəlb edir. Bu marağın nəticəsi olaraq hər il ölkəmizə gələn turistlərin sayı artır və bu da Azərbaycanın beynəlxalq turizm xəritəsində əhəmiyyətli mövqeyə sahib olduğunu göstərir. Turizmin inkişafı iqtisadi baxımdan yeni imkanlar açmaqla yanaşı, xalqımızın dünyaya daha yaxından tanıdılmasına da şərait yaradır.
Lakin təəssüf ki, turistlərin sayının artması ilə yanaşı bəzi mənfi hallara da rast gəlinir. Bəzən xarici turistlərin müəyyən hissəsi xalqımızın milli-mənəvi dəyərlərinə hörmətsizlik göstərir, müqəddəs yerlərə qarşı qeyri-etik davranışlar sərgiləyir. Belə halların baş verməsi həm yerli əhalidə narazılıq yaradır, həm də ölkəmizin mədəniyyətinə xələl gətirir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə böyük hörmətlə yanaşır və bu dəyərlərin qorunması vacibdir. Ona görə də turistlərin ölkəmizə səfəri zamanı davranış qaydaları haqqında ətraflı məlumatlandırılması çox önəmlidir.
Bu məqsədlə ölkəyə gələn hər bir turist məsuliyyətini dərk etməli və qanunlarımız barədə ilkin bilgilərə sahib olmalıdır. Təyyarələrdə və sərhəd-keçid məntəqələrində xüsusi məlumatlandırıcı vərəqələrin paylanması, mədəniyyətimizə hörmətlə yanaşmağın vacibliyi və qanun pozuntularına qarşı sərt tədbirlərin tətbiq olunacağı barədə məlumatların verilməsi məqsədəuyğundur. Qanunun sərtliyini bilən və məsuliyyətli davranışın vacibliyini anlayan turist heç bir xoşagəlməz hərəkətə yol verməz. Bu həm ölkəmizin turizm nüfuzunu qoruyar, həm də qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına xidmət edər".
Belə hallarda turistləri hansı hüquqi məsuliyyət tədbirləri gözləyir?
Hüquqşünas Ramil Süleymanov Operativ Media-ya bildirib ki, bu tip qeyri-etik davranışların dairəsi ayrıca normativ-hüquqi aktla müəyyən edilməlidir:
"Ərəb turistlərin Şəhidlər Xiyabanın qarşısında qeyri-etik davranışları ilə bağlı artıq cinayət işi başlanmışdır. Lakin hələlik bu məsələ üzrə məhkəmə qərarı verilməmişdir və hazırda məhkəmənin mövqeyi gözlənilməkdədir. Hazırkı araşdırmalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən aparılır. Əməlin həmin maddə üzrə tövsif edilib-edilməməsi isə yalnız məhkəmənin hüquqi qiymətləndirməsindən asılı olacaqdır.
Məsələ ilə bağlı istintaq davam etdirilir. Mövcud qanunvericilikdə yalnız tarixi abidələrə maddi və ya fiziki zərər vurulduğu halda inzibati və ya cinayət məsuliyyətinin tətbiqi nəzərdə tutulur. Belə hallarda cinayət işi dövlət tərəfindən başlanır və müvafiq qaydada araşdırıldıqdan sonra məhkəmənin qərarı ilə yekunlaşdırılır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində tarixi və mədəni abidələrə qarşı qeyri-etik davranış ayrıca hüquqi tənzimləmə mövzusu kimi göstərilmir. Burada yalnız abidələrin dağıdılması, zədələnməsi və ya onlara maddi zərər vurulması hallarına görə məsuliyyət müəyyən edilmişdir.
Eyni zamanda “Tarixi və mədəni abidələrin qorunması haqqında” Qanunun 28-ci maddəsinə görə vətəndaşlar və digər şəxslər abidələrə vurduqları zərərlərə görə cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Buna əsaslanaraq demək olar ki, tarixi abidələrin qarşısında baş verən qeyri-etik davranışların dairəsi ayrıca normativ-hüquqi aktla müəyyən edilməlidir. Yalnız bundan sonra həmin davranışlara görə konkret cəza mexanizmləri tətbiq edilə bilər".
Mövzu ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov da Operativ Media-ya danışıb.
O, bir müddət əvvəl Şəhidlər Xiyabanında lentə alınan qeyri-etik görüntüləri xatırladaraq bildirib ki, belə hallar baş verdikdə həmin şəxslərlə profilaktik söhbət aparılmalıdır:
"Belə hallar ölkəmizin milli və mənəvi dəyərlərinə hörmətsizlikdir.
Belə vəziyyətlərin qarşısının alınması üçün ilkin olaraq həmin şəxslərlə görüşlər keçirilməli, onlara davranışlarının yanlış olduğu və ictimaiyyətə necə təsir etdiyi izah edilməlidir. Bu onların hərəkətlərinin məsuliyyətini anlamasına və gələcəkdə təkrarlanmamasına kömək edəcəkdir.
Bəzi hallarda isə ciddi vəziyyətlərdə qanuni tədbirlərin tətbiqi zəruridir. Turizm şirkətləri tərəfindən gətirilən qruplar adətən nəzarət altında olduğundan bu cür halların sayı daha azdır. Fərdi səyahət edən şəxslərdə belə hallara daha çox rast gəlinir.
Sosial mediada isə yanlış davranışlar daha çox diqqət çəkir və tez yayılır. Buna görə də Azərbaycan turizminin düzgün və müsbət imicinin təşviqi üçün sosial mediada konstruktiv paylaşımlara xüsusi diqqət yetirilməlidir.
Nəticə etibarilə, məsuliyyətsiz turistlər hər yerdə ola bilər. Əsas olan bizim düzgün turizm siyasətimizi həyata keçirməyimiz və ölkəmizi, o cümlədən Şəhidlər xiyabanı kimi müqəddəs məkanlarımızı doğru şəkildə tanıtmağımızdır".
Ekspert qeyd edib ki, turistlərə Azərbaycan haqqında kifayət qədər məlumat təqdim olunur və istədikləri halda məlumat əldə edə biləcəkləri turizm mərkəzləri və bələdçilər mövcuddur.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə hazırlanıb.
Nərmin Qocamanlı