AZ

Avropanın ən böyük sursat istehsalı zavodu istifadəyə verilib

Almaniyanın “Rheinmetall” şirkəti Aşağı Saksoniyada yerləşən Avropanın ən böyük sursat istehsalı zavodunu istifadəyə verib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, şirkət bununla Avropadakı Silahlı Qüvvələrin təcili ehtiyaclarını ödəməyi hədəfləyir.

“Rheinmetall” inşa edilən yeni istehsal müəssisəsinə təxminən 500 milyon avro sərmayə yatırıb. Zavodun inşası və istifadəyə verilməsi cəmi 15 ay kimi rekord müddətdə tamamlanıb.

Gələcəkdə yeni zavodda illik 350 000-dək artilleriya mərmisi istehsal ediləcək. Zavodun sahəsi təxminən 30 000 m²-dir. Bu ilin sonuna qədər ilk 25 000 mərmi istehsal olunacaq. Növbəti il 140 000 mərminin çatdırılması planlaşdırılır. Zavodun tam güclə istehsala başlaması isə 2027-ci ilə nəzərdə tutulur.

Sursat təminatı Almaniyanın və Avropadakı müttəfiqlərin müdafiə qabiliyyətlərinin bərpası üçün həyati əhəmiyyət daşıyır. “Rheinmetall” bu məsuliyyəti öz üzərinə götürərək müxtəlif yerlərdə genişmiqyaslı sərmayələr yatırır. 2023-cü ilin yayında “Rheinmetall” İspaniyanın “Expal Systems” şirkətini 1.2 milyard avroya satın alıb. Şirkət həmçinin Rumıniyada yeni zavodun inşası üçün təxminən 550 milyon avro sərmayə qoymağı planlaşdırır.

“Rheinmetall” 2027-ci ildən etibarən İspaniya və Cənubi Afrikadakı müəssisələri də daxil olmaqla, illik təxminən 1.5 milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırır.

Seçilən
19
poliqon.az

1Mənbələr