Dünyada sevilən ənənəvi içkilərdən biri olan “Tərxun”un tarixi XIX əsrin sonlarına gedib çıxır. İçki ilk dəfə 1887-ci ildə gürcü əczaçısı və ixtiraçısı Mitrofan Lağidze tərəfindən hazırlanıb.
Lağidze hələ gənc yaşlarından təbii bitkilərin dad və faydasına maraq göstərirdi. O, müxtəlif şərbətləri qazlı su ilə qarışdıraraq yeni dadlar üzərində sınaqlar aparırdı. Nəticədə tərxun (estragon) yarpaqlarının ekstraktını qazlı su ilə birləşdirərək xüsusi resept əldə etdi. Məhz bu qarışıq sonradan “Tərxun” kimi məşhurlaşdı.
İlk olaraq Tbilisidə təqdim olunan içki yerli əhali tərəfindən böyük maraqla qarşılandı. Onun təbii tərkibi, ətirli dadı və parlaq yaşılımtıl rəngi insanların diqqətini çəkdi. Çox keçmədən “Lağidzenin suları” adı ilə tanınan içkilər bütün Qafqazda və Rusiyada populyarlaşdı.
Sovet dövründə isə “Tərxun” artıq rəsmi olaraq istehsalata buraxıldı və qısa müddətdə ən çox sevilən qazlı içkilərdən birinə çevrildi. O dövrün uşaqlığı və gəncliyi üçün “Tərxun” nostalji bir simvola çevrilmişdi.
Bu gün “Tərxun” müxtəlif şirkətlər tərəfindən istehsal olunur. Müasir istehsalçılar resepti qoruyaraq, həm klassik, həm də əlavə dadlarla zənginləşdirilmiş versiyalarını bazara çıxarırlar.
Həmidə İbrahimova