AZ

Sərhədlər çəkilir, minalar təmizlənir -Yekun SÜLH MÜQAVİLƏSİNƏ az qaldı

8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanla Ermənistan arasında uzun illər davam edən gərgin münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Münaqişə dövrünü arxada qoyan bu proses artıq sülh gündəliyini reallığa çevirir. Dövlət başçılarının vasitəçilərsiz görüşləri, sərhədin delimitasiyası və kommunikasiyaların bərpası üzrə konkret addımlar isə regionda sülhün praktik müstəviyə keçdiyini göstərir. Deputat Azər Badamovun sözlərinə görə, bu razılaşmalar Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirəcək tarixi fürsətdir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, 8 avqustda keçirilən Vaşinqton görüşləri uzun illər münaqişə şəraitində yaşamış Azərbaycanla Ermənistan arasında münasibətlərə sülh gətirib:

“Bu görüş çərçivəsində imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar iki ölkə arasında sülh prosesini dönməz edib. Vaşinqton görüşündən sonra dövlət başçılarının vasitəçilərsiz görüşməsi və gündəlikdə duran vacib məsələləri müzakirə etməsi regiona sülhün gəldiyini bir daha təsdiqləyir. Bununla yanaşı, baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi komissiyanın iclası da iki ölkə arasında sülh gündəliyinin həyata keçirilməsinə xidmət edir.

Komissiya sərhədin delimitasiyası, minalardan təmizlənməsi, zəruri infrastrukturun bərpası və tikintisi, həmçinin bu işlərin icra müddətləri ilə bağlı məsələləri müzakirə edib. Bu məsələlərin mərhələli şəkildə həll olunması və Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin aparılmasından sonra yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirəcək”.

“Vaşinqtonda əldə olunmuş razılaşmalar Azərbaycanla Ermənistan arasında uzun illər mövcud olmuş münaqişənin artıq tarixə qovuşduğunu göstərir”,- deyə millət vəkili son olaraq bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr