AZ

Şri-Lanka nümayəndəsi: AQEM-də qarşılıqlı etimad prinsipləri münasibətlərin möhkəmlənməsi üçün vacib zəmin yaradır

Bakı, 9 sentyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Şri-Lanka regionun sabitliyinin qorunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Burada qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri böyük əhəmiyyət daşıyır və ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün vacib zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beyin Mərkəzləri Forumunun 13-cü iclasının “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzulu sessiyasında Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun nümayəndəsi Wijesinghe Arachchige Sulochana Madhubhashini Wijayasinghe onlayn formatda qoşularaq deyib.

O qeyd edib ki, rəqəmsal dövrün çağırışları, xüsusilə kibertəhlükəsizlik və texnoloji sahələrdə ortaya çıxan problemlər, regional əməkdaşlığın vacibliyini bir daha göstərir. Şri-Lanka bu məsələlərin həllində fəal iştirak etmək, dialoqları gücləndirmək və birgə təşəbbüslər irəli sürmək istəyir. Bununla regionda daha təhlükəsiz və dayanıqlı mühitin yaradılmasına töhfə vermək mümkündür.

“Əməkdaşlıq yalnız ortaq maraqlara əsaslanmaqla deyil, həm də dini, mədəni və milli fərqliliklərə hörmət göstərməklə həyata keçirilə bilər. Bu prinsiplər region dövlətləri arasında anlaşmanı dərinləşdirir, qarşılıqlı etimadı möhkəmləndirir və sabit inkişaf üçün zəmin yaradır. Nəticə etibarilə, Şri-Lankanın tərəfdaşlığı və dialoq təşəbbüsləri Asiya regionunda sabitliyin qorunması, təhlükəsizliyin və rifahın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Biz bu əməkdaşlıqların genişləndirilməsini və gücləndirilməsini dəstəkləməliyik”, - deyə Şri-Lankalı nümayəndə əlavə edib.

Seçilən
23
1
azertag.az

2Mənbələr