II Liqada yarışan «Dinamo»da şok hadisə baş verib.
«Polislər»in 7 aparıcı futbolçusu «Xankəndi» ilə matçdan (0:4) öncəki gün düşərgəyə gələrək, buradan ayrılmaq niyyətində olduqlarını bildiriblər.
Onlar həm I, həm də II Liqadan sərfəli təkliflər aldıqlarını deyərək, müqavilələrinin ləğv olunmasını istəyiblər.
Vəziyyətin çətinliyinə baxmayaraq, klubun İdarə Heyətinin sədri Yaşar Seyidov təmkinini yenə qoruyub.
Təcrübəli funksioner getmək fikrinə düşənlərin ailə durumunu nəzərə alaraq, heç birinin ürəyini qırmayıb, komandadan ayrılmalarına şərait yaradıb.
«Dinamo» Binədə keçirilən matçda öz akademiyasının yetirmələrinə etimad göstərib. Gedənlərin yerinə 10-a yaxın yeniyetmə və gənc sifariş ərizəsinə daxil edilib.
Heyətdəki bu qədər itkiyə rəğmən, «Dinamo» çempionluğa iddialı rəqibinə asanlıqla təslim olmayıb. Debütant yalnız ikinci hissədə vurduğu qollarla 3 xal qazana bilib.
SPORTİNFO.AZ