DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirən Azərbaycan millisi 0:5 hesablı məğlubiyyətlə üzləşdi. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb bu gün Bakıda Ukrayna seçməsini qəbul edəcək təmsilçimizin cari tsikldəki ikinci görüşündən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İslandiyadakı ağır məğlubiyyətdən sonra futbolçularda ruh düşkünlüyü olması təbii haldır. Amma artıq ümidləri doğrultmayan baş məşqçi Fernandu Santuşla yollar ayrılıbsa, komandanın Ukrayna yığmasına qarşı matça böyük motivasiya ilə çıxacaqlarına əminəm. Rəqib güclü heyətə malik kollektiv olsa da, futbolçularımızın da xal üçün döyüşəcəklərinə inanıram. Rəqibin gücündən, oyunun önəmindən çox danışmağa ehtiyac yoxdur. İnanıram ki, millimiz bu oyunda xal qazanacaq. Təbii, Ukrayna seçməsi Azərbaycana qələbə dalınca gəlib. Birinci görüşdə Fransaya uduzduqları üçün Bakıdan 3 xalla ayrılmağı çox vacib sayırlar. Rəqib qrup ikincisi olmağa hədəflənib. Həmişə millimizə inanmışam. Komandamızın layiqli oyun göstərərək xal qazanacağına inanıram".
Nihat