AZ

Ekspert: Əsas məsələ məşqçinin millinin tələblərinə və profilinə uyğun gəlməsidir

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlayıb.
O, portuqaliyalı mütəxəsisslə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bildirib.
Azərbaycan komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 yığmanın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Qeyd edək ki, Fernandu Santuş 2024-cü ilin yayından Azərbaycan millisinin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 11 oyunun 9-da uduzub, 2-də heç-heçə edib.

Futbol eksperti Aslan Kərimov Sherg.az-a deyib ki, Santuş öncədən razılaşdırılmış şərtlərin öhdəsindən gələ bilmədiyi üçün müqaviləyə xitam verildi:

"Santuşun dövründə milli komandanın inkişafını görə bilmədik və nəticədə ayrılıq qaçılmaz oldu. Ayxan Abbasovun komandanı müvəqqəti olaraq meydançaya çıxarması sadəcə keçid dövrü üçün nəzərdə tutulub. Onsuz da komandanın vəziyyəti ürəkaçan deyil, amma bundan da pisləşməməsi üçün çıxış yolu tapılmalıdır. Abbasov bu oyunda üzərinə məsuliyyət götürüb, lakin ondan böyük nəticə tələb etmək düzgün olmaz. Çünki futbolçuları sadəcə bir gün tanıyıb, ertəsi gün meydançaya çıxarmaqla ciddi uğur gözləmək mənasızdır. Digər tərəfdən Azərbaycan millisində kimlərin məşqçi olmasına gəlincə, mənim üçün "yerli" və ya "xarici" anlayışı önəmli deyil. Əsas məsələ milli komandanın profilinə uyğun mütəxəssis seçilməsidir. Bu profilə uyğun olaraq məşqçinin oyunçularla düzgün ünsiyyət qura bilməsi, onları inandıra bilməsi və hər bir futbolçunu müəyyən hədəfə yönləndirə bilməsi vacibdir. Onun nəzəri bilikləri, savadı isə ikinci dərəcəli amildir. Əlbəttə, bu səviyyədə təyin olunan məşqçi savadlı olmalıdır, amma yalnız bilik kifayət etmir".

Müsahibin fikrincə, milli komandada işləyən məşqçi üçün insanlarla münasibətlər və səmimiyyət daha önəmlidir:
"Doğrudur, milli komandanın oyunçularını, mədəniyyətimizi və mentalitetimizi ən yaxşı anlayan şəxslər özümüzdən olan mütəxəssislərdir. Amma bunun əksinə nümunələr də var. Bəzi legioner məşqçilər də bu öhdəliyin öhdəsindən uğurla gələ biliblər. Ona görə də burada əsas məsələ məşqçinin yerli, yaxud xarici olması deyil, milli komandanın tələblərinə və profilinə uyğun gəlməsidir".
Seçilən
42
sherg.az

1Mənbələr