AZ

Urmyə gölünü bərpa etmək və gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olmasının qarşısını almaq mümkündür

Urmiyə gölünün tam quruması xəbəri doğrudan da olduqca böyük faciənin təsdiqidir. Bu göl Güney Azərbaycandan olan soydaşlarımızın birlik, həmrəylik rəmzlərindən biri idi. Urmiyə əyalətində yaşayan azərbaycanlılar üçün isə bu göl həm də həyat, yaşam mənbəyi idi. Kənd təsərrüfatı və maldarlıqla, bağçılıqla məşğul olan urmiyalılar məhz bu gölün suyundan, ekosistemindən yararlanırdılar. Lakin bütün bunlar artıq tarixə çevrilib. Urmiyə gölünün quruması bölgədəki azərbaycanlıların həyatlarını alt-üst etdi.

Bəzi bədxahlarımız Ürmiyə gölünün tamamilə qurumasına görə həm də Azərbaycan və Türkiyəni günahlandırırlar. Onların iddiasına görə, guya biz bu gölün qurumasının qarşısının alınması üçün heç bir təşəbbüs göstərməmişik. Hərçənd ki, Azərbaycanın bir çox ekspertləri, politoloqları, qeyri-hökumət təşkilatları, ictimai fəalları və kütləvi informasiya vasitələri Urmiyə gölünün tamamilə quruyacağı ilə bağlı dəfələrlə “SOS” siqnalı veriblər, molla rejimini məsuliyyətli davranmağa çağırıblar və gölü xilas etməyin yollarını da göstəriblər. Lakin əfsuslar olsun ki, bütün bu çağırışlar və təkliflər molla rejimi tərəfindən qulaqardına vurulub. İranın molla hakimiyyəti Urmiyə gölünə qarşı cinayətkar münasibət bəsləyib.

Ona görə də bu gün tam qətiyyətlə deyə bilərik ki, Urmiyə gölünün üzləşdiyi ekoloji fəlakətə görə məsuliyyət tamamilə İran İslam Respublikasının mövcud klerikal hakimiyyətinin üzərinə düşür. Məhz fars-molla rejiminin son 20 il ərzində Urmiyə gölünə qarşı qərəzli münasibəti, laqeydliyi və naşılığı üzündən bu göl öz tarixi mövcudluğunun ən ağır ekoloji fəlakəti ilə üzləşib. Gölə axan çayların qarşısının qəsdən kəsilməsi, habelə su ehtiyatlarının düzgün idarə olunmaması, qeyri-rasional kənd təsərrüfatı fəaliyyətləri və nəhayət, iqlim dəyişiklikləri Urmiyə gölündə suyun sürətlə tükənməsinə, quruma prosesinin katastrofik səviyyədə sürətlənməsinə səbəb oldu. İran hakimiyyəti Urmiyə gölünün xilası ilə bağlı prosesi düzgün idarə etməyi bacarmadı. Yadaki bunu qəsdən istəmədi.

Budur, faciəli nəticə göz qabağındadır. NASA-nın son görüntülərinə əsasən, göldəki sonuncu su sərhədlərinin izlərinin praktik olaraq tamamilə yoxa çıxdığı aydın şəkildə görünür. Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının, Urmu Su Hövzəsi İdarəsinin, Urmu Gölünün Bərpası Qərargahının rəsmiləri və eləcə də Urmiyanın İran parlamentindəki nümayəndəsi Salman Zakir gölə axıdılacaq su payının normal miqdarda təmin edilməyəcəyi halda, Urmu gölünün tamamilə quruyacağı barədə hələ illər öncədən, aylar öncədən xəbərdarlıq etmişdilər. Lakin molla rejimi bu xəbərdarlıqları eşitmək istəmədi. Urmiyə gölü molla rejiminin yanlış idarəçiliyin qurbanına çevrildi.

Ancaq acınacaqlı duruma baxmayaraq, o gölü xilas etmək üçün hələ də fürsət var. Urmyə gölünü bərpa etmək və gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olmasının qarşısını almaq mümkündür. Güneyli soydaşlarımız mübarizəni davam etdirməli və molla rejimini Urmiyə gölünün bərpası üçün hərəkətə keçməyə məcbur etməlidirlər. Güney azərbaycanlıların birlik və həmrəyliyi tarixi gölün yenidən bərpa olunmasında həlledici rol oynayacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
33
2
ictimairey.az

3Mənbələr