AZ

İctimai iştirakçılıq, yoxsa kütləvi zorakılıq?!

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son zamanlar sosial mediadakı görüntülər çox maraqlı bir tendensiyanı izləməyə imkan verir. Dünyanın nüxtəlif ölkələrində zorakılıqla müşaiyət olunan kütləvi aksiyalar çox keçirilir.

Ola bilsin, bu, əvvəl də belə idi, sadəcə, indi daha çox məlumat və görüntü yayılır. Bu mövzuya daha əvvəl (başqa kontekstdən də yanaşaraq) toxunmuşduq.

Məsələnin məğzi nədir?

Keçən ilin oktyabr ayından Gürcüstanda, noyabr ayından isə Serbiyada, demək olar ki, fasiləsiz kütləvi aksiyalar keçirilir. Bu aksiyalar bəzən nəzarətdən çıxıb, dinc mitinqdən, nümayişdən əsl küçə döyüşlərinə çevrilir. Buna oxşar hadisələr Venesuelada da, Banqladeşdə də olmuşdu. Bu yaxınlarda isə İndoneziyada oldu. Bu günlərdə Nepalda da baş verdi. Hazırda Türkiyədə də müxalifət təmsilçiləri ilə polis arasında toquşmalar var.

Misalların sayını artırmaq olar. Bunlardan yalnız birində etirazçılar qalib gəlib: Banqladeşdə hökumət devrilib. Qalan misallarda zorakı - dağıdıcı küçə etirazları öz məqsədinə çata bilməyib. Əgər belə bir məqsəd, doğrudan da, varsa.

2000-ci illəri xatırlayın: Argenitadan tutmuş Serbiyaya, Ukraynadan, Gürcüstandan tutmuş Qırğızıstana qədər xeyli ölkədə zorakı küçə etirazları ölkədə inqilablarla - hakimiyyətin devrilməsi ilə nəticələnmişdi. 2010-cu illərdə bu tendensiya - zorakı hakimiyyət dəyişikliyi cəhdləri Yaxın Şərq ölkələrində baş verdi. Eləcə də, Türkiyədə də çevriliş cəhdi oldu. Ancaq əksər hallarda "inqilab"çılar məqsədinə çatmadı. Doğrudur, Tunisdə, Misirdə, Liviyada hökumətlər inqilab nəticəsində devrildi, ancaq bu seriya Suriyada qırıldı və bütünlüklə Yaxın Şərqə yayılmadı. 2010-cu illərin zorakı, ancaq ərəb ölkələri ilə müqayisədə dinc inqilabı Ermənistanda baş vermişdi və Nikol Paşinyan hakimiyyətə gəldi. 2020-ci illərdəki yeganə belə fakt hələ ki Suriyada diktator Bəşər Əsədin devrilməsidir. Əlbəttə, Afrika ölkələrində olanları hesaba almırıq; orada bu, adi haldır.

Belə görünür ki, dünyada zorakı yolla hakimiyyəti dəyişmək getdikcə daha da çətinləşir. Ya son 20-25 il ərzində hökumətlər çox güclənib, ya da cəmiyyətlər çox zəifləyib. Ya da hər iki səbəb var.

Amma başqa faktor da var: bəşəriyyət yorulub. Dünyanın bütün ölkələrində insanlar nəinki ağır, dağıdıcı, faciəvi siyasi hadisələrdən bezib, hətta neqativ informasiyalardan belə usanıb.

Bu yaxınlarda Reiters Tədqiqat İnstitutu maraqlı bir sorğusunun nəticələrini açıqladı. Məlum oldu ki, dünyanın 50 ölkəsində rəyi soruşulanların 40 faizi artıq neqativ yüklü informasiyaları oxumaq, eşitmək, izləmək istəmir. Müqayisə üçün deyək ki, 2017-ci ildə bu rəqəm 29 faiz imiş, son 8 ildə bu göstərici 11 faiz artıb. Deməli, dünyada neqativ informasiyalardan bezənlər kütləsi hər il böyüyür. Belələri hətta Böyük Britaniyada, ABŞ-da daha çoxdur: müvafiq olaraq, 46 faiz və 42 faiz.

Azərbaycanda da eyni hal müşahidə olunur: neqativ xəbərlərə və ictimai iştirakçılığa maraq azalır. Ölkədə kütləvi etirazlar təkcə ona görə yoxdur ki, buna icazə verilmir, yaxud polis imkan vermir. Həm də bəlkə daha çox ona görə ki, cəmiyyət özü buna həvəs göstərmir. Əgər 1980-ci illərlə 1990-cı illəri, 2000-ci illərlə 2010-cu illəri müqayisə etsək, cəmiyyətdə etiraz aksiyalarına marağın və cəhdin daha aşağı düşdüyünü görərik. Azərbaycanda sonuncu (özü də icazəli) mitinqindən 6 ilə yaxın zaman keçir. Ancaq vaxt var idi, demək olar, hər ay mitinqlər, nümayişlər keçirilirdi. Son altı ildə isə hətta dinc mitinq də keçirilməyib. İcazəsiz kütləvi aksiyalara gəlincə, onun son dəfə nə zaman keçirildiyi artıq, deyəsən, hamının yadından çıxıb. Halbuki bu illər, onillər ərzində əhalinin sayı da artıb, etiraz doğura biləcək hallar da əvvəlkindən az deyil. O halda ölkədə niyə kütləvi aksiyalar yoxdur?!

Burda, əlbəttə, sosial şəbəkələrin də təsiri var: insanlar real həyatdan virtuala keçib; fərdi və ya kütləvi etirazlar da daha çox virtuala köçürülüb. Buna görə də küçə və meydanlarda fiziki toplanmağa, aksiyalar keçirməyə həvəs və ehtiyac da, görünür, həm də bu səbəbdən azalıb. Bu, əslində, cəmiyyətdə protest elektoratın tamamilə yoxa çıxması demək deyil. Sadəcə, bu protestin yeni - virtual, rəqəmsal ifadə formaları meydana gəlib.

Əlbəttə, deyə bilərsiniz ki, həmin yeni ifadə formaları Serbiyada da, İndoneziyada da, Nepalda da var. Doğrudur. Ancaq toplumlar bir-birindən ictimai iştirakçılığa maraq, mental cəhətlər baxımından da fərqlənir. Bu da təsir edir. Eyni zamanda Azərbaycanda kütləvi ictimai zorakılıq kimi naqis bir ənənə də yoxdur. Əlbəttə, müəyyən istisnaları saymasaq. Üstəlik müsbət haldır ki, ölkədə hakimiyyətə opponentlik edən siyasi qüvvələrin özləri də hakimiyyətə qarşı və hakimiyyət uğrunda mübarizədə kütləvi zorakılığa meylli deyil.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
icma.az

1Mənbələr