ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın adı yeni bir qalmaqalla məhkəmə müstəvisinə çıxıb. 3 il əvvəl külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmuş Gülnarə Abdullayeva bu dəfə böyük məbləğdə vergidən yayınmaqda günahlandırılır.
Bizimyol.info xəbər verir ki, onun rəhbərlik etdiyi internat məktəbinin 36 min manatdan çox vergi borcu var. Bu məbləğin 17 min 477 manatı Dövlət Sosial Müdafiə Fonduna, 15 min 755 manatı İcbari Tibbi Sığorta Fonduna, 2900 manatı İşsizlikdən Sığorta Fonduna olan borclardır.
Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmədə iddia qaldırıb. Bu qurumun nümayəndəsi bildirib ki, məhkəmədən əvvəl internat məktəbinə borcun ödənilməsi üçün dəfələrlə bildirişlər göndərilib. Lakin bu addımlar nəticə verməyib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar.
Dövlət Vergi Xidməti məhkəməyə müraciətində vergi ödənişini təmin etmək məqsədilə internat məktəbinin direktoru Gülnarə Abdullayevanın ölkədən çıxışına qadağa qoyulmasını istəyib.
Məhkəmədən bu iddia tələbi barədə internat məktəbinin rəhbərliyinə məlumat verilsə də, nə Gülnarə Abdullayeva özü məhkəməyə gəlib, nə də nümayəndəsini göndərib. Niyə gəlmədikləri barədə heç bir məlumat da veriməyiblər.
Yasamal Rayon Məhkəməsində hakim Gülnar Babazadə onların iştirakı olmadan bu işə baxıb və qərar çıxarıb ki, internat məktəbinin vergi borcuna görə direktorun ölkədən çıxışı məhdudlaşdırılsın.
Xatırladaq ki, 3 il əvvəl internatda saxta sənədləşdirmələrlə 88 min 622 manat pul vəsaitini mənimsəməkdə ittiham olunan Gülnarə Abdullayevaya şərti cəza verilmişdi.
O, bundan əvvəl başqa qalmaqallarla da mediada müzakirə mövzusu olub. Onun rəhbərlik etdiyi internat məktəbində tenderdə 20 min kubmetr içməli suyun satın alınması üçün 80 min manat dəyərində müqavilə bağladığı məlum olmuşdu.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.