İtaliyalı azarkeşlər İsrail himninə etiraz ediblər
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,matç təhlükəsizlik səbəbilə Macarıstanın Debrecen şəhərində yerləşən Nagyerdei Stadionunda təşkil olunub. Oyun başlamazdan əvvəl İsrailin himni səsləndirilərkən, bir qrup italiyalı azarkeş meydana arxa çevirərək etirazını nümayiş etdirib. Etirazçılar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxaraq, tribunalarda “Dayan” (İng. “Stop”) yazılmış plakatlar da qaldırıblar. Aksiyanın əsas məqsədi İsrailin hərəkətlərinə qarşı beynəlxalq diqqəti çəkmək olub. Gərgin siyasi fonun müşayiət etdiyi oyunda İtaliya komandası 5:4 hesabı ilə qələbə qazanaraq qrupda ikinci yerə yüksəlib və İsraili turnir cədvəlində geridə qoyub. İtaliyalı azarkeşlər bu cür etirazı ilk dəfə etmirlər. Daha əvvəl – 2024-cü ilin sentyabrında, UEFA Millətlər Liqasının Macarıstanda keçirilən qarşılaşmasında da oxşar aksiya ilə diqqət çəkmişdilər. Həmin dövrdə bəzi italiyalı futbol məşqçiləri və ictimai şəxslər İsrailin beynəlxalq turnirlərdən uzaqlaşdırılması çağırışları ilə çıxış etmişdilər. Bundan əlavə, seçmə mərhələdə eyni qrupda yer alan Norveç Futbol Federasiyası İsraillə keçirilən ev oyunundan əldə olunan bilet gəlirinin Qəzza bölgəsinə yardım məqsədilə bağışlanacağını açıqlayıb.