Macarıstan Baş naziri Viktor Orban deyib ki, Ukraynanın təhlükəsizliyinə təminatla bağlı hazırkı danışıqlar nəticəsində onun ərazisi üç zonaya bölünəcək: bunlar Rusiyanın nəzarətində olan ərazilər, hərbisizləşdirilmiş zona və “Qərb zonası” olacaq.
Orbanın Ukraynanın gələcəyi ilə bağlı dedikləri diqqət çəkir. Aydın məsələdir ki, o, siyasi reallıqları bir çox Avropa ölkəsindən fərqli olaraq daha aydın başa düşür və etiraf edir. Lakin bu açıqlamasında ciddi mübahisə doğuran fikirlər də var.
Onun qeyd etdiyi kimi, hazırda aparılan təhlükəsizlik danışıqlarında Ukraynanın de-fakto bölünməsi variantı masada deyil. Hər halda rəsmi məlumatlarda bu barədə konkret açıqlama yoxdur. Düzdür, həm Rusiya, həm də Ukrayna müəyyən kompromislərə gedə bilər, lakin Ukraynanın üç yerə bölünməsi real görünmür.
Ümumiyyətlə, Orban Ukrayna məsələsinə yanaşmasında bir qədər pessimistdir. O, Ukraynanın artıq bölündüyünü deyir və bunu legitimləşdirməyə yönəlmiş tendensiyalardan danışır. Bu isə Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi narahatlıq doğurur. Çünki bu cür yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə ziddir. Yəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına bir sülh (məsələn, “Finlandiya modeli”) və ya mövcud reallıqlar əsasında münaqişəni dayandıracaq atəşkəs razılaşması mümkündür.
Hətta Rusiya–Ukrayna sərhədində neytral bölgənin yaradılması da müzakirə mövzusu ola bilər. Amma bu, Ukraynanın üç yerə parçalanması anlamına gəlmir.
Lakin maraqlıdır ki, bu mövzuda fikir bildirən tək Avropa lideri Orban deyil. Polşa Prezidenti Karol Navroçki də Aİ və NATO-ya çağırış edərək Ukraynanın bu təşkilatlara üzvlüyü məsələsini təxirə salmağı təklif edib. O vurğulayıb ki, münaqişə vəziyyətində olan heç bir ölkə NATO-ya üzv ola bilməz.
“Əks halda, Polşa döyüşməli olacaq. Varşavanın da Avropaya inteqrasiyası prosesi uzun illər çəkib. Hesab edirəm ki, Ukrayna gələcəkdə sivilizasiyanın bir hissəsi olmalıdır. Bununla belə, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı bugünkü müzakirələr tezdir”, – Navroçki bildirib.
Əksər Avropa liderləri Ukraynanın inteqrasiyasını şərtsiz və birmənalı dəstəkləmir. Bəziləri bunu strateji zərurət, digərləri isə siyasi və iqtisadi risk kimi qiymətləndirir. Açıq şəkildə dilə gətirilməsə də, daxildə ciddi tərəddüdlər mövcuddur: iqtisadi yük, müharibə riski, daxili bazar problemləri və digər amillər bu prosesə mane olur.
Görünür, bunu Rusiya Prezidenti Vladimir Putin də yaxşı anlayır. Sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı çıxış edərkən bildirib ki, bu, Kiyevin qanuni seçimidir. Putin xüsusilə NATO-nun şərq ölkələrinin belə bir müharibə riskini almaq istəmədiyini bilir. Düzdür, NATO ilə birbaşa müharibə Rusiya üçün daha dağıdıcı ola bilər, lakin başda Polşa olmaqla bir çox ölkə üçün də regionu poliqona çevirə bilər. Yəni əslində Orbanın dedikləri narahatlıq və uzaqgörənlik, Navroçkinin dedikləri isə xəbərdarlıqdır. Qısacası, Avropada Ukraynanın gələcəyi ilə bağlı konsensus deyil, daha çox kompromis axtarışı gedir. Dəstək var, amma bu, şərtli, ziddiyyətlidir və yekdil deyil.
Turan Rzayev
MİA.AZ