"Football-plus.az" xəbər verir ki, bu mövzuya həsr olunmuş idarə heyətinin toplantısında heç bir qərar qəbul olunmadı. İsmayıl Kartal hələ də bir nömrəli namizəd sayılır.
İddialara görə vitse-prezident Hamdi Akın qeyri-rəsmi şəkildə Kartalla görüşərək onunla anlaşıb. Amma digər tərəfdən idman direktoru Devin Özək bir sıra əcnəbi mütəxəssislərlə danışıqlar aparır. Bunu idarə heyətinin üzvü Hulusi Belgü də təsdiqləyib:
“Devin Özək indiyə qədər 4 məşqçi ilə görüşüb. Gündəmimizdə olan digər məşqçilərlə də görüşüb onların fikirləri ilə tanış olacaq. O, klubun necə bir məşqçiyə ehtiyacının olması barədə geniş raport hazırlayıb. Biz də bununla tanış olaraq fikirlərimizi bildirdik. Düşünürəm ki, gələn həftənin əvvəlində yeni məşqçimiz bəlli olacaq. Hələlik heç bir qərar verməmişik və heç kimlə də anlaşmamışıq. Namizədlərin çoxu əcnəbidi”.
Bu açıqlamadan sonra Türkiyə mətbuatında Edin Terziç ilə Luçano Spallettinin adı hallanmağa başladı. Amma dünən Spalletti variantı ortadan qalxdı. Çünki tanınmış italiyalı məşqçinin təklifi geri çevirdiyi məlum oldu. “Napoli” ilə 2023-də çempion olan və ən son İtaliya yığmasını çalışdıran 66 yaşlı Spalletti hazırda ailəsi ilə vaxt keçirmək arzusunda olduğunu və heç bir klubu çalışdırmaq istəmədiyini bildirib. Türkiyədə çalışmaq istəməyən digər məşqçi isə Angelos Postekoğludu. Ötən il “Tottenhem”lə AL-i qazanan və hazırda işsiz olan yunanıstanlı mütəxəssis “böyük beşlik”də işləmək arzusundadı. İddialara görə “Fənər”i sevə-sevə qəbul etməyə hazır olan əcnəbi məşqçilər Terziç ilə Domeniko Tedeskodu. Hətta Tedesko Devin Özək ilə görüşdə “ilk ildəcə bu komandanı çempion edərəm. Bu heyətlə yalnız 4-2-3-1 taktikası ilə oynamaq lazımdı” deyərək iddiasını ortaya qoyub.
Daha öncə “Şalke-04”, “Leyptsiq”, “Spartak” və Belçika yığmasını çalışdırmış 39 yaşlı mütəxəssis yanvardan bu yana işsizdi. Ən son xəbərlərdə başqan Əli Koçun bazar gününə qədər düşündükdən sonra yekun qərarı verəcəyi bildirilir.
Bu arada klub rəsmisi Hulusi Belgü istefaya göndərilən Joze Mourinyo ilə bağlı yayılan bir xəbəri təkzib edib. Türkiyə mətbuatında Mourinyonun “Fənərbaxça”dan bonuslar, eləcə də klubla bağlı açıqlama verməməsi üçün əlavə pul tələb etdiyi iddia edilmişdi. Amma Belgü bu xəbəri paylaşaraq “X” işarəsini qoyub və iddiaların yalan olduğunu bildirib.