AZ

Vüqar Nadirov: Bu gün millimiz İslandiyadakı uğursuz nəticəni unutduracaq

BAKI, 9 sentyabr. TELEQRAF

“Düşünürəm ki, bu gün milli İslandiyadakı uğursuz nəticəni unutduracaq. Yığmanın üzərində həddindən çox təzyiq var. Fikrimcə, bu təzyiqdən çıxacaqlar”.

Bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Vüqar Nadirov 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan-Ukrayna oyunu barədə danışarkən deyib.

Mütəxəssis milli komandanın yaxşı oyun göstərə biləcəyini qeyd edib: “Yığmada oynadığım üçün futbolçuların nə hisslər keçirdiyini yaxşı bilirəm. İstəməzlər ki, uduzsunlar. Futbol kollektiv oyundur. Ukrayna millisi birinci görüşündə Fransaya 0:2 hesabı ilə uduzub. İstər-istəməz bu gün xal itirmək istəməyəcəklər. Bizim yığma üçün də İslandiyadakı ağır məğlubiyyətdən sonra 1 xal belə motivasiyadır. Yeni məşqçi olanda istər-istəməz komanda özünü göstərməyə çalışır. Ukrayna millisi hücumameyilli futbol sevir. Evdə oynayacaqlar, bu, üstünlükdür. Fikrimcə, yığma mübarizə aparacaq və bizi sevindirəcək”.

Nadirov yığmanın 2006-cı il mayın 15-də səfərdə keçirilən yoldaşlıq görüşündə Ukrayna millisinə 0:6 hesabı ilə uduzduqları oyundan danışıb, yığmaları müqayisə edib:

“Ukraynaya qarşı Kiyevdə oynamışdıq. İndi heyət və rəhbərlikdə dəyişiklik olub. Andrey Şevçenko federasiyaya gəlib. Bizdə Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Mahir Şükürov, Rail Məlikov kimi həddindən artıq təcrübəli futbolçular vardı. Saydıqlarımın hamısı azərbaycanlı və peşəkar idi. İndiki yığmada isə təcrübə çox azdır. Vaxtımız yoxdur ki, milliyə zaman verək. Ukrayna da elə-belə komanda deyil. Futbolçuların əksəriyyəti Avropada oynayır. Qismət, nə olsa, olacaq”.

Qeyd edək ki, Azərbaycan-Ukrayna oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika atadionunda keçiriləcək.

Seçilən
10
teleqraf.com

1Mənbələr