AZ

Daxili qoşunların fəaliyyəti ilə bağlı YENİ QAYDA

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma qaydaları müəyyənləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda; cinayətlərin qarşısı alındıqda, cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda; fövqəladə və ya hərbi vəziyyət rejimi zamanı, habelə dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatlar keçirildikdə ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil ola biləcəklər.

Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır. Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.

Bununla yanaşı, qanun layihəsində daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyat vasitələrinə daxil olma qaydaları müəyyənləşdiriləcək.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları insanların həyatını xilas etmək zərurəti yarandıqda; fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların təhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirdikdə; cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda; cinayətlərin qarşısı alındıqda;terror təhlükəsi barədə məlumat alındıqda; fövqəladə halların nəticələri aradan qaldırıldıqda nəqliyyat vasitələrinə daxil ola biləcəklər.

Günay Şahmar, Bizim.Media

Seçilən
21
3
bizim.media

5Mənbələr