BAKI, 9 sentyabr. TELEQRAF
Pakistan və Çin 7 milyard ABŞ dolları dəyərində olan dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün ikitərəfli və çoxtərəfli tərəfdaşlardan ibarət konsorsium yaratmaq, həmçinin Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) təşəbbüsünün ikinci mərhələsi üçün dördillik (2025–2029) fəaliyyət planı hazırlamaq barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın planlaşdırma və inkişaf naziri Ahsan İqbal mətbuat konfransında bildirib.
O qeyd edib ki, Baş nazir Şahbaz Şərifin Çinə son səfəri zamanı tərəflər 1700 km uzunluğunda Kəraci-Peşəvar dəmir yolu xətti üçün Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), Çin və Pakistanın daxil olduğu maliyyəçilər konsorsiumunun yaradılması barədə razılığa gəliblər.
Nazirin sözlərinə görə, Çin yalnız dəmir yolu layihəsi üçün deyil, həm də Karakorum şossesi üçün maliyyə təmin edəcəyinə zəmanət verib. Bir neçə maliyyəçi ilə danışıqlar bir ay ərzində yekunlaşdırılacaq.
Nazir həmçinin bildirib ki, Pakistan və Çin 2025–2029-cu illəri əhatə edən dördillik fəaliyyət planı hazırlamaq və icra etmək barədə razılığa gəlib. Plan çərçivəsində “Ortaq gələcəyi olan Çin-Pakistan icması”nın yaradılması, siyasi etimadın gücləndirilməsi, ticarət əlaqələrinin sıxlaşdırılması, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və xalqlar arasında təmasların möhkəmləndirilməsi nəzərdə tutulur.
Plan İpək Yolu İqtisadi Kəməri təşəbbüsünün Pakistanın “5E Çərçivəsi” ilə uyğunlaşdırılmasını, həm iri miqyaslı mühüm layihələrin, həm də “kiçik və gözəl” sosial yönümlü layihələrin icrasını, eyni zamanda yüksək keyfiyyətli inkişaf və etibarlı təhlükəsizliyi təmin etməyi əhatə edir.
Qeyd edək ki, Hindistan sözügedən layihəyə etiraz edib. Səbəb isə dəhlizin Çinin Sintszyan bölgəsini Pakistanın Bəlucistan əyalətindəki Qvadar limanı ilə birləşdirməsi və marşrutun Kəşmirdən keçməsidir.