AZ

Qreta Tunberqin olduğu Qəzza flotiliyası dronla vurulub

Ajans.az BBC-ə istinadən xəbər verir ki, Portuqaliya bayrağı altında üzən “Ailə qayığı” adlı gəmi Tunisin Sidi Bou Said limanı yaxınlığında zərbəyə məruz qalıb. Gəminin göyərtəsində yanğın baş verib, lakin bütün altı sərnişin və ekipaj üzvü sağ və təhlükəsiz vəziyyətdədir. Təşkilat İnstagram hesabında gəminin zərbə aldığı anı əks etdirən videolar paylaşıb və bu hücumun “yandırıcı cihazla həyata keçirildiyini” bildirib. Gəminin əsas göyərtəsində yanğın olsa da, ekipaj tərəfindən tez bir zamanda söndürüldüyü qeyd olunub. Lakin Tunis rəsmiləri Reuters-ə açıqlamasında PUA hücumu versiyasını təkzib edərək, partlayışın gəminin içərisində baş verdiyini bildiriblər. Tunis Milli Qvardiyasının sözçüsü isə AFP-yə bildirib ki, “heç bir pilotsuz uçuş aparatı aşkar edilməyib” və araşdırma davam edir. Albanese: Bu, Tunis suverenliyinə qarşı təcavüzdür Flotiliya iştirakçıları arasında BMT İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi, tunisli hüquqşünas Francesca Albanese də olub. O, əgər hücum təsdiqlənsə, bunun “Tunisə və onun suverenliyinə qarşı təcavüz” olduğunu bildirib. “X” platformasında paylaşım edən Albanese, hazırda faktların dəqiqləşdirilməsi üçün yerli hakimiyyətlə əməkdaşlıq etdiyini qeyd edib. Qeyd edək ki, Albanese İsrailin Qəzzaya hərbi hücumlarının sərt tənqidçilərindən biridir və bu səbəbdən ABŞ tərəfindən sanksiyalara məruz qalıb. İsrail fəalları deportasiya etmişdi Flotiliya təşkilatçıları bildiriblər ki, onların missiyası “İsrailin Qəzzada tətbiq etdiyi qeyri-qanuni mühasirəni pozmaq” məqsədi daşıyır. Lakin bu istiqamətdə bir sıra çətinliklərlə üzləşiblər. İyun ayında İsrail qüvvələri Qəzzaya yardım aparan gəmini saxlayaraq, Greta Tunberq də daxil olmaqla 12 fəalı həbs etmişdi. Onlar sonradan Aşdod limanına aparılmış və İsraildən deportasiya olunmuşdular. İsrail bu kimi təşəbbüsləri “reklam xarakterli siyasi aksiyalar” kimi qiymətləndirir və real humanitar məqsədlər daşımadığını iddia edir. Flotiliyalara qarşı əvvəlki hücumlar Qəzzaya gedən flotiliyalara qarşı PUA hücumu iddiaları daha əvvəl də gündəmə gəlib. May ayında “Azadlıq Flotilliyası” iddia etmişdi ki, “Vicdan” adlı gəmi Malta sahillərində dronla vurulub. BBC-yə təqdim olunan səsyazmalarında, gəminin kapitanı dron hücumu və göyərtədə yanğın barədə məlumat vermişdi. Malta hökuməti həmin hadisədə itki olmadığını və yanğının nəzarət altına alındığını açıqlamışdı. Qəzzada humanitar böhran dərinləşir BMT-nin son hesabatlarında Qəzzada aclığın olduğu təsdiqlənib. BMT-nin humanitar məsələlər üzrə rəhbəri bildirib ki, bu vəziyyət İsrailin yardım axınını sistematik şəkildə əngəlləməsinin nəticəsidir. İsrail isə bu hesabatları “açıq yalan” adlandırıb və bölgədə aclıq olmadığını iddia edir. İsrail, 7 oktyabr 2023-cü il HƏMAS hücumuna cavab olaraq Qəzzada hərbi kampaniya başladıb. HƏMAS-ın nəzarətində olan səhiyyə nazirliyinə görə, indiyədək 64 522 nəfər həlak olub.

 

Seçilən
10
Ajans.az

1Mənbələr