Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Banklar müştəri cəlb etmək üçün müxtəlif layihələr həyata keçirirlər. Həmin layihələrdən biri də yüksək “keşbek” (cashback) idi. Bu sahədə ciddi rəqabətə qoşulan banklar çoxsaylı əməliyyat növləri və yüksək faizli “keşbek”lər vəd edirdilər.İndi isə banklar bu kampaniyadan geri çəkilirlər.Bu daha çox “keşbek” faizlərinin aşağı salınmasında özünü göstərir.
Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, hətta “keşbek kampaniyaları”nı dayandırırlar.Bankların bu addım nə ilə bağlıdır?Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Azərbaycan banklarının “keşbek” kampaniyalarını zəiflətməsi və ya tamamilə dayandırmasının bir neçə əsas səbəbi var:“Birincisi Mərkəzi Bankın tənzimləmələri və xərclərin artmasıdır. Son illər ödəniş sistemləri, rəqəmsal bankçılıq və kart infrastrukturuna dair yeni qaydalar tətbiq olunub. Bu da bankların əlavə xərclərini artırır. Banklar marketinq büdcələrini optimallaşdıraraq yüksək xərcli “keşbek” aksiyalarını azaltmağa məcbur qalır”.
Rəqabət strategiyası dəyişir.Müsahibimiz qeyd edir ki, ilk mərhələdə banklar müştəri cəlb etmək üçün yüksək “keşbek” (bəzən 5-10%-dək) təklif edirdi:
“İndi isə müştəri bazası sabitləşdiyindən, banklar daha çox xidmət keyfiyyətinə, mobil tətbiqlərə və kredit məhsullarına yönəlir. Üstəlik, ticarət tərəfdaşlarının müqaviməti güclənir. “Keşbek” əslində bank və ya ödəniş sistemi tərəfindən deyil, çox vaxt ticarət şəbəkələrinin komissiyalarından maliyyələşdirilir. Satıcılar artıq bu yükü daşımaq istəmir. Ona görə də bankların təşviq imkanları azalır”.Qara bazar və sui-istifadələr...“Bəzi müştərilər yüksək “keşbek”dən istifadə etmək üçün süni əməliyyatlar edirdilər (məsələn, tanış mağazadan alış-veriş edib sonra qaytarmaq). Bu, bankların zərərlə üzləşməsinə səbəb olduğundan “keşbek” limitləri azaldılıb və ya tam dayandırılıb”.Müsahibimiz bu sahədə regional və dünya təcrübəsindən də danışıb:“Çox ölkədə “keşbek” kampaniyaları yalnız müəyyən kateqoriyalara (yanacaq, supermarket, restoran və s.) tətbiq olunur. Azərbaycan bankları da kütləvi və yüksək faizli “keşbek” əvəzinə hədəfli və limitli kampaniyalara keçir.
Görünən odur ki, ilkin mərhələdə müştəri qazanmaq üçün istifadə olunan “keşbek” indi banklar üçün maliyyə yükünə çevrilib. Ona görə də kampaniyalar ya məhdudlaşdırılır, ya da bonus sistemləri ilə əvəzlənir”.Surxay Atakişiyev, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.