AZ

Gələcəyin elektromobili dünyanı fəth edir, biz isə “UAZ”ın “qluşitel”indən əl çəkmirik

Dünya avtomobil bazarında elektrik və hibrid texnologiyalar sürətlə irəliləyir, istehsalçılar isə həm performans, həm də dizayn baxımından sərhədləri aşır. Çin avtomobil sənayesinin avanqardı statusunu getdikcə möhkəmləndirir. Hər ay, hər həftə çinli istehsalçılar yeniliklərlə dünya avtoazarkeşlərini təəccübləndirirlər.

Bu həftə də istisna olmadı. BYD-nin dəbdəbəli törəmə brendi “Yangwang” elektrik superkar U9 ilə diqqətləri üzərinə çəkdi. Almaniyanın Papenburq şəhərindəki trekdə sınaqdan keçirilən U9 sürət göstəricisində yeni rekord qırdı: 472,41 km/saat! Avtomobilin sükanı arxasına almaniyalı sürücü Mark Basseng keçib.

Qeyd edək ki, Basseng keçən il eyni model ilə 375 km/saat sürətə nail olmuşdu, amma “Yangwang” yeni texnologiyalarla avtomobilin gücünü 2 dəfə artıraraq dünya rekorduna imza atdı.

U9-un 4 elektrik mühərriki birlikdə 3 min at gücündən çox enerji istehsal edir. Avtomobilin “fırlanma anı vektor sistemi” və ağıllı asqısı “DiSus-X” hər təkəri yol şəraitinə uyğun idarə edir, yüksək sürətdə təhlükəsizliyi maksimum səviyyəyə çatdırır. Arxa qanadın sökülməsi və ön hissənin yenidən dizaynı isə performansı artırmaq üçün nəzərdə tutulub.

BYD bu uğurla göstərmək istəyir ki, o, yalnız ucuz elektrik avtomobillər istehsal etmir, eyni zamanda “Bugatti” və “Porsche” kimi brendlərə rəqib ola biləcək texnologiyalara malikdir. U9-un qiyməti təxminən 220 min dollar təşkil edir və 2025-ci ilin yanvarında artıq 100 ədəd satıldığı elan olunub.

BYD-nin ardından “Volvo” XC70 hibrid-elektrik modelini təqdim edib. 1,5 litrlik benzin mühərriki, üç elektrik mühərriki və böyük akkumulyator ilə 200 km elektrik məsafəsi təklif edir. Avtomobilin akkumulyatoru 23 dəqiqədən az müddətdə 0-dan 80 faizə qədər doldurula bilir və tam dolu çənlə 1200 km-dən çox məsafə qət etmək mümkündür. XC70-də 15,4 düymlük mərkəzi ekran, süni intellektli səs köməkçisi, “Google” əməliyyat sistemi və avtomatik parkinq sistemi kimi yüksək texnologiyalar mövcuddur. Volvo CEO-su Hakan Samuelsson deyir ki, bu avtomobil tam elektrikli maşın almaqda tərəddüd edən istifadəçilər üçün ideal seçimdir.

ABŞ və Böyük Britaniyada nümayiş olunan yeni Lexus konsepti, elektrikli idman avtomobililərinin gələcəyinə işarə edir. Yarış modelinin isə yaxın gələcəkdə V8 mühərriklə yarışlara çıxacağı gözlənilir. Jaguar isə Type 00 konsepti ilə avtomobil dizaynında fərqli yol tutdu. Ferrari, Maserati və BMW-də çalışmış dizayner Frank Stephenson konsepti “yarımçıq dizayn” kimi qiymətləndirsə də, Jaguar rəhbərliyi yeni tərzin unikal və yaddaqalan olacağını bildirir. Type 00 konsepti əsasında istehsal olunacaq avtomobilin qiyməti təxminən 130 min dollar olacaq.

Dünya avtomobil sənayesi indi yalnız sürətlə deyil, texnologiya, dizayn və ekoloji həllərlə də ölçülür. BYD, Volvo, Lexus və Jaguar kimi brendlər isə hər biri öz üslubu ilə gələcəyin avtomobilini formalaşdırır. Elektrik və hibrid texnologiyalar indi sadəcə trendlər deyil, onlar sürət, güc və komfortun yeni standartını müəyyən edir.

Azərbaycanda isə hələ də Rusiyada 1950-ci ildən istehsal olunan “UAZ”, 1980-cı ildən istehsal olunan “Lada” və bu tip avtomobillərin yığımı həyata keçirilir. Hər il də sadəcə 4 təkəri, dəmirdən kuzası olan yığılma maşınları az qala superkar qiymətinə dövlət qurumlarına sırıyırlar.

Xəzərin o tayında, Özbəkistanda isə Çinin avtomobil istehsalçısı BYD şirkətinin filialı ildə 50 min avtomobil istehsal edir. BYD istehsalını Xəzərin o tayından bu tayına keçirməklə müasir avtomobil sənayesini ölkəyə gətirmək olar. "UAZ"dan əl çəkmək zamanı çoxdan keçib, BYD-nin tozunda belə görünmür.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr