Bu gün Azərbaycan millisi dünya çempionatı 2026-nın seçmə mərhələsində Ukrayna ilə üz-üzə gələcək. Millimizin Fernandu Santuşun rəhbərliyi altındakı indiyə qədərki oyunları, xüsusilə də son qarşılaşmada aldığı 5:0 hesablı məğlubiyyət həm azarkeşlərdə, həm də futbolçular arasında ruh düşkünlüyü yaradıb. Bu axşam matça Ayxan Abbasovun başçılığı altında çıxan millimizin şansını gətirə bilər? Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında deyib ki, son məğlubiyyətdən sonra yaranan ruh düşkünlüyünün aradan qalxması vacibdir. Bunun üçün futbolçular daha çox səy göstərməli, döyüşkənlik və mübarizlik nümayiş etdirməlidirlər. O, Fernandu Santuş ilə yolların ayrılması qərarını da dəstəkləyib və vaxtında atılmış addım kimi qiymətləndirib: “Çünki hiss olunurdu ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda heç bir uğura nail olmayacaq və nəticə əldə etməyəcək. Ona görə də AFFA rəhbərliyinin qəbul etdiyi bu qərarı təqdirəlayiq hesab edirəm. Eləcə də Ayxan Abbasovun ən azından bir oyunluq təyinatını düzgün addım sayıram. Ayxan Abbasov çalışdığı “Sumqayıt”, “Zirə”, “Turan-Tovuz”, “Şamaxı” klublarında minimal imkanlarla maksimum nəticə əldə edə bilən bir məşqçi olduğunu sübut edib. Son vaxtlar U-21 yığma komandasının rəhbəri kimi də bunu nümayiş etdirib. Xüsusilə də həmin komandaya milli ruh aşılaması, futbolçuların potensialından maksimum yararlanması diqqətəlayiqdir. Komanda böyük hesabla məğlub olduğu oyunlarda belə yetərincə qol fürsəti yaradır və asanlıqla təslim olmur. İstər yoldaşlıq görüşü, istərsə də rəsmi oyun olsun, sona qədər mübarizə aparılır”. K.Məstəliyevin fikrincə, bugünkü Ukrayna ilə oyunda İslandiya qarşısında gördüyümüz ruhsuz və əzmsiz komandanı görməyəcəyik: “Əksinə, daha əzmkar futbolçularla daha yaxşı bir oyun nümayiş etdiriləcəyinə inanıram. Hesab edirəm ki, bu dəfə həm baxımlı futbol, həm də sona qədər mübarizə görəcəyik. Onlar Bakıdan rahatlıqla xal apara bilməyəcək. Hərçənd Ukrayna güclü komandadır, futbolçuları böyük çempionatlardan gəlir, daha ustadırlar. Amma futbol fərdlərin deyil, komandanın oyunudur. Biz də əsl komanda oyunu sərgiləsək, Ukraynaya başağrısı ola bilərik”. Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək. Sevinc İbrahimzadə / Metbuat.az