9 sentyabr 2025-ci il tarixində Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən Çinin Çjetszyan vilayəti qubernatorunun müavini Ke Ketszyan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və Çinin Azərbaycandakı səfiri Qo Min bildiriblər ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatarın keçməsi Çindən Avropaya uzanan nəqliyyat marşrutlarının əhəmiyyətinin və Azərbaycanın qitələri birləşdirən mühüm nəqliyyat qovşağı kimi rolunun artdığını göstərir.
Qeyd olunub ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən blok-qatarla gətirilmiş konteyner yüklərin (əsasən, metal məmulatları, məişət əşyaları, elektrik avadanlıqları və digər məhsullar) Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir. Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib. Bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.
Qeyd edək ki, ölkə rəhbərliyinin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir.