AZ

“Regionlarda universitet yaratmaq üçün paytaxtdakı boşluqları doldurmalıyıq” İlham Əhmədov

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Universitetlərin regionlara köçürülməsi bu gün müzakirə olunan əsas məsələlərdən biridir. Əgər biz universitetləri regionlara köçürsək və orada yeni kampuslar  tiksək, tələbələrin yataqxana problemləri  həll edilər. Amma bu zaman başqa problemlər yarana bilər. Məsələn müəllimlərin məişətinin təşkli, onların mənzillə təminatı, alilələrdə  narahatlıqların yaranması v.s.”

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov deyib:

“Universitetlərin regionlara köçürülməsi məsələsi yeni deyil. Təxminən 17-18  il əvvəl də bu mövzu müzakirə edilirdi. Konkret universitetlərə Hocahəsənli qəsəbəsində yeni kampus tikmək üçün torpaq sahəsi və layihə smeta sənədləri də hazırlanmışdı. Səhv etmirəmsə, hər kampusun inşasına ortalama o vaxtki qiymətlərlə 150 milyon manat (təxminən 200 milyon $) vəsait nəzərdə tutulurdu. Onda da elə indiki kimi, təhsilin keyfiyyəti ilə əlqədar heç bir işə pul ayrılmırdı, təhsilin real inkişafına xidmət edəcək hər bir işi TN ictimai əsaslarla icra etməyi tələb edirdi. Amma təhsilə ayrılan  iri pulları tikinti-təmir  adı ilə mənasız layihələrə israf edirdilər (elə indiki kimi). O vaxt belə müzakirələrin birində biz də iştirak edirdik. Çıxışımda bildirdim ki, gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz köçürdək.

İctimai əsaslarla universitet formalaşar? İctimai əsaslarla formalaşan universitetə 150 milyonluq kampus necə yaraşar? O kampusda daş və divarlardan başqa heç nə olmayacaq. Bilmirəm bu sözlərin təsiri oldu, ya pula heyfləri gəldi, bu fikirdən sonralar yayındılar, kampuslar tikiləsi olmadı. Amma bu mövzu  indi yenidən gündmdədir. Amma  universitetlərimizi hələ də universitet edə bilməmişik. Hələ də ictimai əsaslarla universitetlərimizi “inkişaf”  etdiririk. Bazar iqtisadiyyatı dövründə müasir universitet quruculuğuna belə bəsit yanaşma, təhsil idarəçiliyində qeyri peşəkarlığın zirvəsidir. Burda qənaət edilən maliyyə sonralar  tikinti-təmir işlərində gen bol israf edilir”.  

Dosent vurğulayıb ki,əgər son 25  ildə  hər bir universitet  ortalama ildə 2-3   milyon manatlıq təmir işləri aparıbsa, bu 25 il ərzində  təxminən 50-70  milyon manatlıq təmir deməkdir:

“Amma  bu illər ərzində həmən universitet təhsilin keyfiyyətinə və elmi tədqiqatlara heç 1 milyon da xərcləməyib.  Bu məbləği ölkədəki universitetlərin sayına vursaq, 25 illik israf  2-3  milyard manat edir, amma  bu məbləğdən  inkişafyönlü  işlərə çox  cüzi vəsait ayrılıb.  Təəssüf ki,  əksər universitetlər bu  məbləği təhsilin keyfiyyətinə yox, təmir-tikintiyə investisiya ediblər.  İndi də bu binaları, divarları orada  edilən 2-3 milyard manatlıq təmir işlərini Bakıda tərk edib, 0-dan regionlarda universitet yaratmaq istəyirik. Bu seçim nə dərəcədə rasional olar? Bütün bu problemlər    ölkədə ali təhsil strategiyasının yoxluğu səbəbi ilə yaranır. 

Bakıdakı  universitetlərdən regionlardakı yeni kampuslara daşına  biləcək heç bir elm, təhsil, məzmun və digər  əhəmiyyətli resurslar  yoxdur. Çünki, o resurslar heç vaxt  yaradılmayıb, onlara heç vaxt investisiya qoyulmayıb.  

Təhsil investisiyaları sanki, “hər şey təmir üçün, hər şey tikinti üçün”   devizi ilə xərclənib,  yəni,  israf edilib. Bütün bu 25 illik  təmir-tikinti işləri və tikilən binalar, universitetlərin regionlara köçürülməsi halında tam səmərəsiz olacaqdır. 

Bu halda  universitetlərin regionlarda fəaliyyətini sıfırdan qurmaq  lazım olacaq. Çünki, paytaxtdakı  universitetləri  universitet etmək üçün  25 il ərzində zəruri olan bir çox mühüm işlər  edilməyib.   

Əgər universitetlər indi regionlara  köçürüləcəksə,  infrastruktur,  yeni kampuslar   yaratmaqla  yanaşı,  müasir tədris planları, fənn proqramları da hazırlamaq lazım gələcək. Yəni, paytaxtda edilməyən işləri regionda etməliyik. Başqa sözlə, paytaxtdakı  univetsitetləri hələ də universitet halına gətirməmişik,  bunu  indi  regionlarda etməli olacağıq. Təəssüf ki,  ali təhsildə 25 il ərzində qalaqlanmış kifayət qədər belə ciddi problemlər mövcuddur”.

İlham Əhmədov vurğulayıb ki, əslində bütün bu illər ərzində investisiyanın hamısı tikinti-təmirə yox,  ən çoxu bu məbləğin  50 %-i kampusların tikintisinə və təmirinə getməli idi (beynəlxalq təcrübədə buna  25- 30 % xərclənir).

“Qalan məbləğ isə universitetin formalaşmasına, burada  elm və təhsilin inkişafına, kadrların  fasiləsiz təliminə, onların rəqabətqabiliyyətliyinin yüksəldilməsinə  v.s. zəruri işlərə xərclənməli idi.

Bu gün universitetlərimizin məzunlarının  səviyyəsinə baxanda, aydın görürük ki, onlar  əmək bazarı  tələblərinə cavab vermirlər. 

Buna görə də universitetlərimizin inkişafını təmin etməli, səviyyələrini yüksəltməliyik. Bütün bu səbəblərdən, biz neft kapitalını, insan kapitalına çevirə bilmədik. Regionlarda bunu edə biləcəyikmi?”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
icma.az

1Mənbələr