AZ

İsrail məhkəməsindən Fələstinə mühüm dəstək qərarı...


Əli Zülfüqaroğlu: “İsrail Ali Məhkəməsinin qərarı hökumət üzərində təzyiq yarada bilər, ancaq bu, ciddi nəticələrə səbəb olmayacaq”

Məlum olduğu kimi, İsrail Ali Məhkəməsi yeni qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, hökumət həbsxanalarda olan fələstinli məhbusları kifayət qədər qida ilə təmin etmir. İngilis nəşrinin yazdığına görə, hakimlərin fikrincə, məhkumlara təyin edilən hazırkı qidalanma qanunla müəyyən olunmuş standartlara cavab vermir. Bu səbəbdən İsrail Həbsxanalar İdarəsi fələstinli məhkumların zəruri miqdarda ərzaqla təmin olunması üçün tədbirlər görməlidir.

Ali Məhkəmənin bu qərarı ötən il "İsraildə Vətəndaş Hüquqları Assosiasiyası" və "Gisha" adlı hüquq müdafiə təşkilatı tərəfindən verilmiş müraciətə cavab olaraq qəbul edilib. Həmin müraciətdə iddia olunurdu ki, fələstinli məhbuslar həbsxanalarda aclıqla üzləşirlər.

Maraqlıdır, İsrail Ali Məhkəməsinin qərarı İsrail-Fələstin münasibətlərinə hansısa formada təsir edə bilərmi?

“İsrail dövlətinin yürütdüyü siyasət heç bir halda adıçəkilən iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət meyl yarada bilməz”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İsrail Ali Məhkəməsinin qərarı hökumət üzərində təzyiq yarada bilər. Ancaq bu, ciddi nəticələrə səbəb olmayacaq: "Çünki İsrail-Fələstin münasibətlərinin müsbət istiqamətdə dəyişməsi üçün Fələstin dövləti yaradılmalı və onlar arasında sülh imzalanmalıdır. İsrail hökuməti isə birmənalı olaraq, nəinki Fələstin dövlətinin yaradılmasını qəbul etmir, hətta tədricən fələstinlilərin öz doğma torpağından çıxarılması və o torpaqlara özünün sahib çıxması üçün addımlar atır. İsrail hökuməti bununla kifayətlənmir və genişlənmə siyasəti həyata keçirir. Xüsusilə Livan və Suriya ərazilərinin işğal olunması, Suriyanın bölünməsi daha çox ərazi işğalı üçün zəmin formalaşdırır. Bu baxımdan hesab edirəm ki, İsrail dövlətinin yürütdüyü siyasət heç bir halda adıçəkilən iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət meyl yarada bilməz. Əksinə, İsrail hökumətində dini fanatizm üzərindən yürüdülən xarici siyasət Fələstinlə yanaşı, İsrailin özü üçün də ciddi problemlərə səbəb olur. Məlumdur ki, hazırda İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq cinayətməhkəməsi tərəfindənhəbsinə qərar verilib. Bu qərar onun dünya ölkələrində sərbəst hərəkət etməsinə mane olmaqla yanaşı, İsrail dövlətinin diplomatik fəaliyyətini də məhdudlaşdırır. Həmçinin, İsrailin Qəzzada apardığı qeyri-adekvat siyasət, qırğınlar və dağıntıların törədilməsi beynəlxalq ədalət məhkəməsi tərəfindən də ittiham olunması perspektivi yaradır. Bu isə kifayət qədər ciddi məsələdir . Hazırda İsrail tarixdə görünməmiş səviyyədə təhdidlərlə üz-üzə qalıb. Məlum vəziyyət İsrail hökumətinin apardığı siyasətin nəticəsidir. Zamanında İsrailə hər cür dəstək verən ölkələr artıq əks mövqe nümayiş etdirir. Həmin ölkələr Fələstin dövlətinin yaradılması istiqamətində addımlar atır. Hətta ABŞ-da belə İsrailin sionist dayaqları ciddi şəkildə zərbə alıb və vəziyyət o həddə çatıb ki, beynəlxalq ictimai rəy konkret olaraq bu ölkəyə qarşı məsafə qoymağı tələb edir. Beynəlxalq ictimai rəy isə kifayət qədər ciddi əhəmiyyətə malikdir. Bu da sionizmin ifşası ilə bağlıdır. Artıq Qəzzada baş verən əməliyyatlarla sionizm ifşa olundu. Hər bir detal bütün çılpaqlığı ilə ortadır. Bu da onu deməyə əsas verir ki, yüz il boyu mərhələ-mərhələ Fələstin torpağını ələ keçirən İsrailin sonrakı missiyasıolmayacaq. Beləliklə, Fələstin məsələsində dönüş nöqtəsinin başlandığı deyə bilərik, bu da sionizmin çöküşünü qaçılmaz edir”.

Günel CƏLİLOVA

Seçilən
106
baki-xeber.com

1Mənbələr