AZ

İmtahandan bir gün əvvəl oyunum var idi 697 bal toplayan futbolçu

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il keçirilən qəbul imtahanında yüksək nəticə göstərənlərdən biri də Əbdülhəsən Məmmədovdur. Onun 697 balla seçimi Bakı Ali Neft Məktəbi informasiya təhlükəsizliyi ixtisası olub. Əbdülhəsən savadlı bir gənc olmaqla yanaşı illərdir professional futbolla məşğuldur.

AzEdu.az onunla həmsöhbət olub.

- Sizin üçün futbol bir peşədir, yoxsa sadəcə hobbi? 

- Mən futbolu heç vaxt hobbi kimi qəbul etməmişəm. Onu peşə kimi seçmişəm və artıq 8-9 ildir ki, professional futbolla məşğulam. Bununla yanaşı, yaxşı oxumağa da çalışmışam. Ona görə də abituriyent ikən işim bir az daha rahat olub. Futbolu həm təhsil, həm də şəxsi həyatımla paralel aparmağa da nail olmuşam.

- Bəs ailənizin bu mövzuda mövqeyi necədir? Onlar futbolu daha çox hobi kimi görüb, əlavə bir sənətinizin olmasını istəmişdilərmi?

- Ailəm mənə konkret bir istiqamət göstərməyib. Onlar həmişə deyiblər ki, hansı sahədə daha yaxşı olacaqsansa, orada davam et. 

- Maksimum nəticəni toplamaq üçün sadəcə 3 balınız çatmayıb. Bilmək istərdim bu hansı fəndəndir?

- Mən o 3 balı Azərbaycan dili fənnindən itirmişəm.

- "Paralel uğur" qulağa bir az çətin səslənir. Bunun sirrini bizə aça bilərsinizmi?

- Qəbul imtahanından bir gün əvvəl oyunum var idi... Amma bu, mənim üçün çətinlik yaratmayıb. Sadəcə vaxtımı düzgün bölməyi bacarmışam. Futbol dərslərimə mane olmayıb, əksinə, məni daha məsuliyyətli edib.

- Futbol sahəsindəki uğurlarınızdan danışa bilərsinizmi?

- 5 ildən bəri komandamız hər il respublika çempionatında 2-ci yeri qazanıb. Beynəlxalq yarışlarda da 2-ci yeri tutmuşuq. Bir dəfə isə turnirdə 1-ci yerə çıxmışıq. Bu nəticələr həm komandamızın, həm də mənim üçün böyük uğur olub. "Zirə" mənim oynadığım komandadır, uğurlar da komanda ilə birlikdə qazanılıb. Fərdi nailiyyətlərimdən isə 2 il əvvəl bombardirlər siyahısında 3-cü olmağımı, respublika çempionatında 27 qol vurmağımı və s. misal göstərə bilərəm.

- Azarkeşi olduğunuz bir komanda, futbolçu varmı?

- Bəli, azarkeşi olduğum komanda "Barselona”dır. Futbolçu olaraq isə hər zaman Messi mənim üçün bir nümunə olub.

- Sizcə, uğur qazanmaq üçün istedad vacibdir, yoxsa əzmkarlıq?

- Məncə, hər ikisi vacibdir. Amma əzmkarlıq olmasa, istedadın heç bir dəyəri yoxdur. Bəzi hallarda hətta istedad olmasa belə, böyük əzmkarlıq insanı uğura aparır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
qaynarinfo.az

3Mənbələr